"Sülhməramlılar 5 ilin tamamında Qarabağdan çıxmasa..." — AÇIQLAMA

GÜNDƏM 10 noy 2022, 18:47
"Bu gün üçtərəfli birgə bəyanatın imzalanmasından 2 il ötür və eyni zamanda Rusiya sülhməramlıları da Qarabağ iqtisadi zonasında fəaliyyətinin iki illiyini qeyd edirlər. Lakin üçtərəfli birgə bəyanatın 4-cü maddəsinə əsasən sülhməramlıların bölgədə yerləşməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri regionu tərk etməli idilər".

Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, sülhməramlıların üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi 5 ilin tamamında Qarabağdan çəkilib getməsə, Azərbaycan adekvat tədbir görməli olacaq:

"Təəssüflər olsun ki, 2 il ərzində biz qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını görmədik, əvəzində Laçın dəhlizi vasitəsi ilə qeyri-qanuni fəaliyyət müşahidə olundu, əraziyə silah-sursat daşındı və bu da narahatverici məqamdır. Burada məsuliyyət Ermənistanla yanaşı həm də Rusiya tərəfinin üzərinə düşür. Rusiya sülhməramlıları bölgədə fəaliyyətlərini təmin etsələr də Ermənistan silahlıları regionu tərk etməyiblər. 

Digər tərəfdən biz qlobal miqyasda cari ilin fevralından başlayaraq Rusiya-Ukrayna müharibəsi fonunda bir mübarizəni görürük. Bu və digər şəkildə eskalasiyalar, təxribatlar da həyata keçirilir. 2 illik dövr rəzində Azərbaycan hərbi seqmentdə də zəmin üzərində mövqeyini gücləndirib. "Qisas" və "qətiyyətli cavab" hərbi əməliyyatları, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi, Laçın şəhərinin mərkəzinin, Sus və Zabux kəndlərinin ordumuzun nəzarətinə götürülməsi, Fərrux yüksəkliyinin və Ermənistanla sərhəddə strateji yüksəkliklər bu gün Azərbaycan ordusnun nəzarəti altındadır. 

Eyni zamanda biz oktyabrın 31-sə Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən görüşdə Prezident İlham Əliyevin prinsipial mövqeyini müşahidə etdik. Həm 5 maddəlik prinsip əsasında münasibətlərin nizamlanması haqqında fikir ifadə olundu, həm də Qarabağ münaqişəsinin bitməsi ilə bağlı qəti bir mövqe bildirildi. 

Bu, onu deməyə əsas verir ki, sülhməramlıların bölgədə fəaliyyəti 5 illə məhdudlaşacaq və üçtərəfli birgə bəyanatda da bu öz əksini tapıb. Eyni zamanda onların elə regiona gəlişi keçid dövrü ərzində sülhün təmin olunmasına yönəlib. Düşünürəm ki, 5 il kifayət qədər müddətdir və qarşıda bizi 3 il gözləyir. Bu 3 il ərzində Qarabağda olan erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasi prosesi icra olunmalıdır. Bu istiqamətdə artıq ilkin işartılar, ilkin kontrlar var. Lakin biz istərdik ki, bu, genişmiqyaslı müşahidə olunsun, ölkəmizdə separatizmin kökü kəsilsin, ölkəmizə qarşı ərazi iddalarına son qoyulsun və Cənubi Qafqazda təhlükəsizlik mühiti gücləndirilsin. 

Zəfər günü münasibəti ilə İlham Əliyevin hərbi qulluqçular qarşısında çıxışı zamanı çox mühim mesajlar verildi və bu mesajlar həm də ona yönəlmişdi ki, regionda maraqları olan dövlətlər destruktiv əməllərdən çəkinməli və sülhün möhkəmlənməsi istiqamətində addımlar atmalıdırlar. Əks bir ssenari icra olunacaqsa, Azərbaycanın güclü ordusu var və bu neqativ ssenarilərə də cavab verməyə hazırdır. 

Lazımı tədbirlər hər zaman həyata keçirilir və 2023-cü ilin dövlət büdcəsinin hərbi hissələrə aid olan hissəsinin artırılması da bunu deməyə əsas verir. Ona görə də qarşıdakı 3 ilə hazırlıq mühüm xarakter daşıyır. Bu 3 ilin sonunda sülhməramlıların regionu tərk etməsi aktuallaşa bilər və bunun üçün Qarabağda olan erməni əhali ilə təmasların genişləndirilməsinə, onların Azərbaycan vətəndaşlığını almasına çalışmaq lazımdır. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik". /Milli.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top