“Bakı yeni silahlı toqquşmaya hazır olmalıdır”

MÜSAHİBƏ 10 noy 2022, 09:47
Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağarın müsahibəsi:

- Abdullah bəy, İkinci Qarabağ müharibəsinədək olan dövrü necə dəyərləndirirsiniz?

- İkinci Qarabağ müharibəsinə qədər beynəlxalq güclər Cənubi Qafqazı dizayn edilmiş bölgə kimi görürdülər. ATƏT-in Minsk Qrupu başda olmaqla, bölgəyə müdaxilə edən regional və beynəlxalq güclər bu dizaynı məcburi şəkildə Azərbaycana, hətta Türkiyəyə qəbul etdirmək istəyirdi. 12 iyul 2020 tarixində isə Azərbaycanı güclü edən bütün vasitələri ələ keçirmək və yeni torpaqlar işğal etmək üçün Tovuzda təxribatlara başladılar. Müharibəyədək mövcud olan ümumi vəziyyət belə idi.

- Qarabağ zəfəri Azərbaycana və türk dünyasına nə qazandırdı?

- Hər şeydən əvvəl bu Zəfər Azərbaycan və Türkiyəyə xarici qüvvələrin zorla bizə qəbul etdirmək istədikləri status-kvoya qarşı çıxmaq imkanı verdi. Yəni ortada bir oyun var idi. Azərbaycanı parçalamaq və yeni torpaqlar işğal etmək üçün müharibəyə başladılar, amma son nəticədə biz həm torpaqlarımızı işğaldan azad etdik, həm də planları bumeranq kimi özlərini vurdu. Ermənistanı himayə edən dövlətlərin daxilində qeyri-sabitlik başladı. "Bəs məkrli niyyət və məqsədlərindən imtina ediblərmi?" soruşsanız, cavabım "yox"dur. Hər vasitə ilə Azərbaycanın irəliləməsinə qarşı çıxırlar. Biz mütləq bir qələbə qazandıq və Ermənistanın belini qırdıq. Lakin qondarma "dqr" ilə bağlı məsələlər Rusiyanın himayəsində davam edir. Yəni hərbi məqsədimizə tam çatmışıq, ancaq siyasi hədəfimizə hələ tam çatmamışıq. Baş verənlər Ermənistanı yenə də təxribatlar törətməyə həvəsləndirir, bölgədə təhlükəsizliyin və sülhün təmini üçün böyük problemlər yaradır. Əlbəttə ki, 10 noyabr bəyanatı ilə əldə etdiyimiz ugur çox böyükdür, lakin problemlərin mövcudluğu bölgədə kontaminasiyanı davam etdirir.

- Hazırda İranın Ermənistanı Azərbaycana qarşı getməyə təhrik etdiyini müşahidə edirik. Zəngəzur dəhlizinin açılması ilə bağlı problem də İrandan qaynaqlanır. Digər tərəfdən Ermənistan bölgəyə xarici güclərin daxil olması üçün çalışır. Belə bir vəziyyətdə, sizcə, Azərbaycan hansı addımı ata bilər?

- Beynəlxalq münasibətlərdə məcburetmə diplomatiyası anlayışı var. Kimsə istəmir, ya da xoşuna gəlmir deyə, biz nə öz torpaqlarımızdan, nə də Zəngəzur dəhlizindən imtina edəcəyik. Eyni zamanda torpaqlarımızda Rusiyanın himayəsində süni şəkildə formalaşdırılmış hansısa bir vəziyyətin Azərbaycana zorla qəbul etdirilmə cəhdlərinə göz yummayacağıq. Mubarizəmiz davam edəcək, axıra kimi 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsini qarşı tərəfdən tələb edəcəyik. Eyni zamanda silahlı mübarizənin yenidən meydana çıxma ehtimalına qarşı da hazırlığımız davam edir. Ermənistan və onun arxasında dayanan güclərin ehtiraslarının qabarması nəticəsində sinir uclarımıza toxunma həmlələrinin ardı-arası kəsilmir. Mütləq şəkildə rus sülhməramlıların məsuliyyət zonasında olan ərazilərimizi çox böyük istismara məruz qalmadan öz nəzarətimizə götürməliyik. Yəni yekun sülh müqaviləsi imzalananadək Xocalıda, Xocavənddə və separatçıların hələ ki, mövcud olduğu bölgələrdə qarşı tərəfin xeyrinə hansısa bir status-kvonun formalaşdırılmasına imkan verilməməlidir. Bütün bu sadaladıqlarımız silahlı toqquşma ehtimalına hər an hazır olmağımızı labüd edir. Həm məcburetmə diplomatiyamızı güclü şəkildə inkişaf etdirməli, həm də yeni bir silahlı münaqişə ehtimalına qarşı hazır olmalıyıq. /Axar.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top