“Müxalifət liderləri efirdən sonra şəxsən mənə deyirlər ki, biz Prezidenti yenidən kəşf etdik” — Elman Nəsirov

DAXİLİ SİYASƏT 07 noy 2022, 18:29
“Qarşıdan erməni faşizmi üzərində tarixi qələbəmizin ikinci ildönümü gəlir, Zəfər günü gəlir. Sözün həqiqi mənasında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalqımız bu tarixi zəfərin müəllifləridir. Azərbaycan Prezidenti bu tarixi zəfəri ilə öz  adını, həm də ölkəsini hərb tarixinə birdəfəlik həkk etmiş oldu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat əlavə edib ki, bu tarixi zəfər müxalifətin mövqeyinə də təsirsiz qalmayıb:

“Dəfələrlə mən müxalifət liderləri ilə debatda olarkən, onlar efirdən sonra şəxsən mənə söyləyiblər ki, biz Azərbaycan Prezidentini yenidən kəşf etdik. Bəli, biz müxalif mövqedəyik, biz iqtidarın bu və ya digər addımlarını tənqid edirik. Amma şəxsən Azərbaycan Prezidentinin necə mahir diplomat, necə müzəffər bir sərkərdə olduğunu biz özümüz üçün kəşf etdik. Bunu açıq şəkildə söyləyirlər. Çox sevindirici haldır ki, belə etirafları söyləyənlərin sayı getdikcə artmaqdadır. Vaxtilə Azərbaycan iqtidarına qarşı çox kəskin müxalifətdə olan, radikal mövqedə dayanan Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun da mövqeyinin dəyişməsi və artıq cənab Prezidentin siyasətini dəstəkləməsi, onu müdafiə etməsi bu qənaətimizi daha da gücləndirir. İçimizdə inam var ki, Əli İnsanov kimi təcrübəli bir insan baş verən prosesləri təhlil etdisə, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətini gördükcə, onu analiz etdikcə, bugünkü mürəkkəb dünyamızda cənab İlham Əliyevin necə mahir diplomat olduğunu, öz ölkəsinin və xalqının təhlükəsizliyini necə yüksək səviyyədə təmin etdiyini gördükcə belə bir nəticəyə gəlir. Cənab Prezidentin siyasətini müdafiə edir. Bu, düşünülmüş addımdır, təhlillərə, analizlərə söykənmiş addımdır. Bu, xaotik düşüncələrin nəticəsi deyil, artıq əsaslı təhlillərin nəticəsidir. İnanmaq istərdim ki, digər radikal müxalifət mövqeyində dayanan siyasətçilərimiz də bir gün dərk edəcəklər ki, onlar düzgün yolda deyillər”. 

“Onlar müxalifətçi kimi qalsınlar, onlar konstruktiv müxalifətçi mövqeyində dayansınlar. Onlar iqtidarın bu və ya digər məsələdə siyasətini tənqid etsinlər. Ancaq konstruktiv mövqe ortaya qoysunlar, tənqidlə yanaşı təkliflərini, tövsiyələrini versinlər. Ümummilli işə töhfə versinlər, ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirsinlər, ümummilli məsələlərdə iqtidar və müxalifət bölgüsündən kənarda dayansınlar. Yol budur! İçimizdə bir inam var ki, zaman hər şeyi yerinə qoyur və zaman keçdikcə Ali Baş Komandan, cənab İlham Əliyevin necə böyük bir tarixi şəxsiyyət olduğunu, Azərbaycan dövlətinin və dövlətçiliyimizin möhkəmləndirilməsində, dövlətin, millətin maraqlarının təmin edilməsində necə möhtəşəm uğurlara imza atdığını dərk edəcək və bundan irəli gələrək artıq konstruktiv mövqe ortaya qoyacaqlar. Ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında dayanacaqlar. Biz buna ümid bəsləyirik və hesab edirik ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun  dövlətçiliklə bağlı məsələlərdə, iqtidarın qazandığı böyük nailiyyətlərlə bağlı məsələlərdə, şəxsən Cənab İlham Əliyevin yeritdiyi siyasətlə bağlı məsələlərdə davranışı elə partiyasında adında olduğu haqqa, ədalətə söykənir. Bu gün Əli İnsanov təkcə Haqq Ədalət Partiyasına rəhbərlik etmir, həm də son davranışları ilə haqqın, ədalətin yanında olduğunu təsdiqləmiş olur. Bu, eyni zamanda digər radikal mövqedə dayanan müxalif partiyalar üçün bir örnək və dərs olmalıdır”, - deyə, deputat sonda qeyd edib.

Aynurə 
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top