Ağcabədinin deputatı şeir yazdı: “Güldü qoca tarix, sevindi zaman”

SİYASƏT 05 noy 2022, 11:22
Milli Məclisin deputatı Tahir Rzayev Zəfər gününə həsr olunmuş şeir yazıb. Deputat qeyd edib ki, Zəfər günü-düşmən üzərində qələbə çaldığımız 8 noyabr hər birimiz üçün, Azərbaycan xalqının qardaşları və dostları üçün əziz və unudulmaz gündür. Bu tarixi qələbənin ildönümünü mahnı ilə, şeirlə, musiqi ilə qeyd etmək, tarixləşdirmək, amalımıza çevirmək borcumuz və vəzifəmizdir. Qələmə aldığım bu misralar da tək mənim deyil, elə bilirəm hər bir insanın ürəyinin səsidir, könlünün arzusudur.
Həmin şeiri təqdim edirik: 


Qırx dörd gün xalqımın şücaətini, 
Çevirdi tarixin şah əsərinə. 
Canını, qanını, məhəbbətini 
Şəhidlər bəxş etdi hər əziz günə. 

Zalımın, cəlladın beli qırıldı, 
İgid oğulların zərbələrindən.
 Xainin, nadanın ömrü daraldı, 
Haqqını haqsızdan alanda vətən. 

Arazım unutdu kədərin - sərin, 
Şuşanın başından çəkildi duman. 
Açıldı çöhrəsi Xarıbülbülün, 
Güldü qoca tarix, sevindi zaman. 

Ordum ədalətin polad möhürünü 
Vurdu haqsızlığın, zülmün alnına. 
Tarixə çevirdi hər anı, günü, 
Düşmənin bağrını döndərdi qana. 

Ali Baş Komandan, ordu və millət 
Birləşib bir yumruq, bir qüvvət oldu. 
Qəlblərdə kükrəyən cəsarət, qeyrət, 
Vətənə, torpağa məhəbbət oldu. 

Oğullar anladı, duydu, bildi ki, 
Günahsız tökülən qan yerdə qalmaz. 
Bəşər dərk elədi, dünya gördu ki, 
Başçı mərd olanda torpaq basılmaz. 

Qələbə - cəsarət, hünər, etibar 
Vətən sevgisidir, ürək səsidir. 
Zəfər ömrümüzə əbədi bahar 
Haqqın - ədalətin təntənəsidir. 

Ünvanı Qarabağ - Azərbaycandır! 
Yurdumdan nur alır səhərim mənim.
 Bəşərə örnəkdir, bir ərməğandır
 Zəfərim, Zəfərim, Zəfərim mənim.            
    
    
Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top