“Ermənistanda hamı məni oxuyur, Azərbaycanda isə axmaq tənqidlər var”

ƏDƏBİYYAT 12 okt 2022, 13:30
“Təbii ki, məni hər kəs sevə bilməz. Amma həqiqətən mənə təsir edir ki, Ermənistanda məni oxuyurlar, amma Azərbaycanda mənə qarşı axmaq tənqidlər var”.

Demokrat.az xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev Konkret.az-a müsahibəsində ona edilən tənqidlərə münasibət bildirərkən deyib.

Ç.Abdullayev Rusiya televiziyalarının birində başına gələn hadisəni danışıb:

“Bir hadisəni danışmaq istəyirəm. Bir dəfə Rusiyada televiziyaların birində Qarabağ haqqında çıxış edirdim. Babamın qəbrinin Qarabağda olduğundan danışırdım. Bizim jurnalistlərdən biri zəng edib demişdi ki, mən yalan danışıram, mənim babam Bakıda dəfn olunub. Dedim ki, sizə zəng vuran azərbaycanlı jurnalist bilmir ki, anadan olanda adamın iki babası olur, bir yox?! Mənim bir babam Bakıda, digər babam isə Qarabağda dəfn olunub.

Bundan əlavə, Almaniyanın Drezden şəhərində ermənilərin böyük bir klubu var, mənə ordan yazırlar ki, siz bizim ən sevimli yazıçımızsınız. Amma Azərbaycanda fəaliyyət göstərən “Qanun” nəşriyyatının baş redaktoru deyir ki, Çingiz Abdullayev bu qədər kitabı özü yaza bilməz. O mafiya başçısıdır, kimsə ona yazmaqda kömək edir. Halbuki, onun nəşriyyatı Azərbaycan dilində mənim 78 kitabımı nəşr edib. Mən onu yığıb xahiş elədim ki, yazın ki, mən pis adamam, yazın ki, kitablarım çıxmır, kitablarımı oxumurlar, yazın ki, ümumiyyətlə, məni qəbul etmirlər, amma belə deməyin. Axı siz belə deyəndə məni yox, Azərbaycan xalqını biabır edirsiniz. Çünki onda bizim qonşular və digərləri deyəcək ki, bunların yazıçısı, Yazıçılar Birliyinin Birinci katibi fırıldaqçıdır, kitablarını özü yazmır. Azərbaycanlılar belə xalqdır, bizi aldadırlar. Halbuki Ermənistanda hamı məni oxuyur, 32 dilə kitablarım tərcümə olunub. Nə edək ki, bizdə paxıllıq var?! Mənə dedilər ki, onu məhkəməyə ver. Dedim ki, yazıqdı, ailəsi var, uşaqları var. Heç nə etmədim”.
   
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top