“Valideynlər məktəblərin işinə çox müdaxilə etməsinlər və müəllimlərə hörmətlə davransınlar” – Deputat

SOSİAL 05 okt 2022, 17:05
“Müəllim peşəsi dünyada ən müqəddəs peşələrdən biridir. Bu peşənin nüfuzunun qorunması, artması çox önəmlidir. Hesab edirəm burada bütün tərəflərin üzərinə məsuliyyət düşür. Yəni, bir tərəfin üzərinə məsuliyyət düşmür. Müəllimlər çalışmalıdırlar ki, öz nüfuzlarını qorusunlar, öz şagirdləri və tələbələri üçün. Öz əxlaqları ilə, öz davranışları ilə, öz tədris metodları ilə nümunə olmağı bacarsınlar. Eyni zamanda, valideynlər və şagirdlər də çalışmalıdırlar ki, müəllimlərə hörmətlə yanaşsınlar, onlara hörmət etsinlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.  Millət vəkili vurğulayıb ki, müəllim cəmiyyətin əsas aparıcı qüvvələrindən biridir:

“Müəllim bizə bilik verir, müəllim bizə savad verir, müəllim gəncləri yetişdirir, şagirdlərin inkişafına töhfə verir. Bax o baxımından, bizim bu gün müəllimlərimizin də üzərində çox mühüm vəzifə və missiya var. Onlar çalışmalıdırlar ki, bu missiyanın və vəzifənin öhdəsindən layiqincə gələ bilsinlər və normal cəmiyyətimizin də inkişafına töhfə versinlər. Eləcə də, valideynlər çalışmalıdırlar ki, məktəblərin işinə çox müdaxilə etməsinlər. Müəllimlərə qarşı hömətlə davransınlar. Bu gün bizim qarşımızda duran vəzifələrdən biri də müəllimlərimizin maaşlarının artırılmasıdır, maddi təminatının gücləndirilməsidir. Bu gün dövlətin qayğısı var, dövlət öz dəstəyini, qayğısını göstərir. Amma bu dəstək və qayğının daha da artırılmasına, daha da gücləndirilməsinə ehtiyac var. Biz əminik ki, dövlətimiz də bu istiqamətdə bu addımları atacaq”. 

Millət vəkili  hesab edir ki, qarşıda duran ən mühüm məsələlərdən biri də müəllimlərin düzgün seçilməsi və düzgün təyinatı məsələsidir:

“Bu məsələyə də biz çox həssasla və diqqətlə yanaşmalıyıq ki, müəllimlər cəmiyyətin ən savadlı, ən bilikli, ən əxlaqlı insanlarından seçilsinlər. Bu müəllimlər bir daha öz savadları, bilikləri ilə, dünya görüşləri ilə cəmiyyətimiz üçün nümunə olmağı bacarmalıdırlar. Fürsətdən istifadə edib bütün müəllimlərimizi bu müqəddəs gün münasibətliə səmimi qəlbdən təbrik edirəm və onlara bu ağır, müqəddəs, fədakar fəaliyyətlərində bol enerji və uğurlar arzulayıram!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top