Türkiyə və Belarus da imtina etdi — Putinin ümidi yalnız bir ölkəyə qaldı

REGİON 03 okt 2022, 14:45
Prezident Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir.

Demokrat.az
xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.

Mərkəzin ekspertlərinin fikrincə, Rusiya liderinin bu yöndəki gözləntiləri özünü doğrultmur:

“Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqı “beynəlxalq hüquqa zidd” adlandırılıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurur. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürmərə çalışırdı.

Belarus və Ermənistan Rusiyanın müttəfiqi olsalar da, ilhaqı dəstəkləməyib. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi, Nikaraqua və bir neçə ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.

Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahı Çin lideri Si Cinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika Günü kimi qeyd edilir. Putin məktubunda Si Cinpini “əziz dost”u adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”.

Təhlildə qeyd olunur ki, Cinpin də Putinə yazdığı məktublarında rus həmkarını “əziz dost” deyə xitab edir:

“Buna baxmayaraq, Si Cinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda bu ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.

Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək.

Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır”.  
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top