Prezident: “Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur”

XARİCİ SİYASƏT 03 okt 2022, 11:10
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib. 

Prezident.az xəbər verir ki, məktubda deyilir: 

“Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.

Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top