“Bu, Putinin "bıçaq üstündə gəzməsinə" bənzəyəcək ” — ŞƏRH

SİYASƏT 23 sen 2022, 17:44
“Rusiya Ukrayna müharibəsində düşdüyü çıxılmaz duruma görə qismən səfərbərlik etmək məcburiyyətində qaldı. Bunun son çarə olduğu aydındır. Putin necə deyərlər son kartını oynamağa başladı. Bundan sonra baş verənlər Putinin "bıçaq üstündə gəzməsinə" bənzəyəcək”.

Bu fikirləri BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov Demokrat.az-a açıqlamasında deyib.  Politoloq bildirib ki, azacıq bir büdrəmə və planların baş tutmaması Putinin sonunu gətirə biləcək:

“Səfərbərliyin asan keçəcəyini gözləmək olmaz, çünki artıq narazılıqlar başlayıb. Bu da Putin üçün təhlükə olacaq. Azərbaycan üçün Rusiyada baş verən bu proseslərin birbaşa təsiri gözlənilmir. Ancaq bu prosesin özü təhlükəli tendensiyadır. Rusiya rejimi yığmağı planlaşdırdığı əsgər sayı ətraf respublikalar üçün təhlükə ola bilər. Bununla yanaşı, Rusiyadan səfərbərlikdən yayınan insanların Azərbaycana gəlməsi də gərginlik mənbəyidir, xüsusilə də, orada yaşayan Rusiya vətəndaşı olan azərbaycanlıların vətənə qayıtmaq istəməsi. Ukrayna-Rusiya müharibəsinin uzanması tək Azərbaycan yox, bütün dünya üçün təhlükə mənbəyidir. Putin nüvə silahı tətbiqindən danışır. Bu, çox təhlükəli addımdır. Ona görə bu müharibənin tez sona çatması hamının təmənnasıdır”.



Analitikin sözlərinə görə, müharibənin tezliklə başa çatması gözlənilmir:

“Çünki tərəflərin mövqeyi buna yol vermir. Ukrayna son torpaqları Krım daxil azad edilməyincə razılığın olmasının mümkün olmadığını bəyan edir. Rusiya isə işğal etdiyi ərazilərdə referendum keçirməyə başlayır. Belə çıxır ki, müharibə hələ davam edəcək. Soyuq ayların başlamasını da nəzərə alsaq, ən azı gələn ilin ortalarına kimi müharibə uzanacaq. Əgər Rusiya məğlub duruma düşərsə, bu müharibəni ancaq Rusiyada hakimiyyət dəyişikliyi bitirə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top