“İran hətta kişilərin cəhənnəminə çevrilib” — Güneyli analitik

GÜNDƏM 22 sen 2022, 16:28
“İran orada yaşayan xalqların, dini qrupların, qadınların, kişilərin cəhənnəminə çevrilibdir və buna heç şübhə yoxdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında güneyli siyasi-şərhçi Məhsa Mehdili İranda baş verən son prosesləri  şərh edərkən deyib. Analitik bildirib ki, İranın daxilində iki İran mövcuddur:

“Bunlardan biri xarici siyasətində at oynadan, içəridə xalqların yaşadığı problemlərdən üz çevirib, qulaq asmayan və sadəcə zorbalıqla problemləri cavab verən İrandır. Bir də xaricdə bir İran var ki, Amerikaya meydan oxuyur. Suriyada müdaxilə etmək istəyir, ideoloji qrupları dəstəkləyir, silahlandırır. Yəməndə, İraqda da  eyni siyasəti aparır. Həmçinin, terror qruplarını, radikal qruplarını dəstəkləyir. İran ən çox müsəlmanı müsəlmana öldürtdürən bir ölkə halına gəlib. Bunu da öz irançılıq siyasətini, irançılıq dövlətçiliyini gücləndirmək üçün edir. Əslində, bölgənin radikalizm etməkdə, bölgədə barışı hədəf almaqda, bölgə barışına maneələr çıxarmaqda əlindən gələn hər işi görür”. 

Analitik əlavə edib ki, bir də içəridə bütün bu xarici siyasətdə bu radikalizmi dəstəkləməsinin bədəlini ödəyən xalqlar var:

“İranda işsizlik və narkotik istifadəsi geniş yayılıb. Həmçinin, burada yaşayan insanlar sosial və siyasi sahədə böyük məhdudiyyətlərlə qarşılaşıblar, iqtisadi problemlər yaşayırlar. Çox üzr istəyirəm fəhşa, hardasa 12 yaşındakı qızlara edilənlər geniş yayılıb. Yəni, İran böhranlar, faciələr bataqlığına dönübdür. Ancaq İran siyasətçiləri xaricdə başqa, içəridə də zorbalıq siyasətini götürürlər. Yəni, alan da tanımırlar, demokratik alanlar tamamən bağlıdır. İnsanların gəlib öz sözlərini ifadə etmələrini, öz dərdlərini demələri üçün nə azad qəzetləri, nə azad televizorları, nə də azad qeyri-hökumət qurumları var. Heç bir demokratik alan yoxdur ki, insanlar gəlsin, orada dərdini desin. Dərdini deyənləri də, sözünü deyənləri də, etirazını edənləri də zindan, edam, cəza, mücazat yolları görünür. Ən sadəsini bəhs edim, dini azadlıqlar yoxdur. İnsanlar dini mənsubiyyətlərinə görə, universitetlərdən atılırlar, dərsə alınmırlar. İnsanlar dini inanclarını belə dilə gətirə bilmirlər. Qeyri-fars millətlərə böyük zülmlər, ayrı seçkiliklər var. Qadınlar zatən İranın əsas qanuna görə, insan sayılmır. Haqları heç yarı kişi qədər də deyil“. 

M.Mehdili bildirib ki, İran iqtisadi problemlər baxımında da bir bataqlığa çevrilib:

“Bu işin ən çətin tərəfi budur ki, başda oturanlar və 40 ildir bheç əl dəyişdirmədən belə, bir ekip ailələri bu hökuməti idarə edir. Bütün qaynaqlar bunların cibində və bunların bu siyasətlərinin bədəlini İranda yaşayan xalqlar ödəyir, ancaq heç bir problemə də qulaq asmırlar. Əllərindəki imkanları da sadəcə insanların səsini məhv etməyə istifadə edirlər. İndi bu son hadisələrdə 22 yaşlı Məhsa Əmini xanımın polis tərəfindən öldürüldü. Üstünə geyindiyi qısa idi və ya saçı görünürdü və s. bunlar bir bəhanə idi. Bu qızın öldürülməsi əslində insanlar üçün bir bəhanə oldu. Çünki insanlar bir yerə qədər dözürlər-dpzürlər, əslində dözmürlər, bədəl ödüyürlər, zindanlara düşürlər, əziyyət çəkirlər. Səs çıxardanın səsi boğulur dövlət, hökumət tərəfindən. Amma, bir müddətdən sonra bardaq daşır. Bu, bir bəhanə olur. Burada qeyd edim ki, İranda sırf Tehran mərkəzli etiraz hərəkatı yoxdur. İran bu açıdan çox fərqli ölkələrdəndir. İranda ərəblərin yaşadığı bölgənin başı Əhvəza bağlıdır. Onlar özlərinin özəl milli hərəkatları var. Güney Azərbaycanın özünün milli hərəkatı, kürdlərin, farsların özləri var. Yəni, bunlar bir-birindən ayrıdırlar. Ancaq ortaq tərəfləri də bu etirazlar da var. Hamısı istiqdara, diktatorluğa, bir nəfərin “mən allahın vəkiliyəm yerdə və hər kəsin həyatında müdaxilə həddim Allah tərəfindən var“ deməsi dinə görə günahdır. Buna da bu səfər insanlar  artıq qarşıdırlar“. 

"Güney Azərbaycandakı hadisələrə gəldikdə, Güney Azərbaycanda da elə bu son günlərdə Təbrizdə, Ərdəbildə, Urmiyada, fərqli şəhərlərdə və kəndlərdə yenə etirazlar olub. Bunun da altından xətt çəkmək istəyirəm. Niyə insanlar xiyabana çıxır? Buna görə ki, mitinqə icazə verilmir. Sadəcə, İranda ermənilərə mitinqə icazə verirlər. O da Azərbaycan və Türkiyəyə qarşı bir təbliğat etmək istəyirlər,ona görə icazə verirlər. Ona görə də, insanlar demokratiya olmadığı üçün öz sözlərini demək üçün xiyabanlara çıxırlar və orada səslərini çatdırmağa çalışırlar. “İstibdada yox!“ deyirlər özəlliklə Güney Azərbaycanda, “Azadlıq!, Ədalət!, Milli hökumət!“ Azərbaycan üçün tələbləri vardır. “Azərbaycan VAR OLSUN, istəməyən KOR OLSUN!“ tələblərini səsləndirirlər. Özəlliklə də mənim üçün ən diqqət çəkici məsələ son olaylarda xanımların başlarını açaraq, çıxıb xiyabanda “Azadlıq!, Ədalət!, Milli hökumət !“ deməkləri idi. Bu da bunu göstərir ki, İran Azərbaycanla əlaqəli düşməncə siyasətlərində də gərək təkrar bir özünə gələ, siyasətlərinı relizə edə və güney azərbaycanlılarının Azərbaycanla əlaqəli hissiyatlarına hörmət qoymağı öyrəşə!“, - deyə, analitik sonda bildirib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top