“Balalarımızı zəhərləyən şəxslər öz layiqli cəzalarını almalıdırlar” — Rauf Zeyni

SOSİAL 22 sen 2022, 15:48
Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun müddətdən tez bəraət qazanması insanların narahatlığına səbəb olub. Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir. Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir. 

Məsələ ilə bağlı hüquq-müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəsinə qarşı dövlət komissiyasının üzvü  Rauf Zeyni Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı bir şəxsin, məhkumun azad olunması hüquq-mühafizə orqanlarının, məhkəmənin səlahiyyətindədir.

O bildirib ki, narkotik ticarətçiliyinə görə 9 il iş alıb və sonradan tez azad olunması ilə bağlı  suallar birbaşa onu azad edən məhkəmə orqanlarına verilməlidir.Ancaq mən öz mövqeyimə görə belə hallara etiraz edirəm. Rauf Zeyni əlavə edib ki, balalarımızı, cəmiyyətimizi zəhərləyən şəxslər kimliyindən asılı olmayaraq öz layiqli cəzasını almalıdır:

“Hesab edirəm ki, bu məsələlər biraz daha ciddiləşməli və sərtləşdirilməlidir. Çünki bu günləri ölkədə narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi özünün çox pik həddinə gəlib çatmışdır. Qeyd edim ki, rəsmi qeydiyyatda olan narkotik aludəçilərinin sayı ümumiləşdirdikdə 34 min nəfərdir. Beynəlxalq təşkilatlar bunu 10 vururlar, bu da 340 min nəfər edir. Yəni, bu, 10 milyonluq bir ölkədə həyəcan təbilinin çalınması deməkdir. 10 milyonluq ölkədə bir narkomandan 2 nəfər əzab çəkirsə, yəni ailə üzvləri, bu, artıq 1 milyon adamın bu günləri narkomaniyadan əzab çəkməsi deməkdir. Ona görə də, bütün cəmiyyəti, bütün insanları bu bəla ilə mübarizəyə səsləyirəm. Və hər evdə, hər küçədə, hər binada, bütövlükdə ölkəmizdə, hər kənddə, hər şəhərdə narkomaniyya qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, narkomaniya ikinci mənfir düşmən elan olunmalıdır. Birinci mənfur düşmən bəllidir, onlara qarşı böyük savaş oldu və 44 günlük Vətən savaşında böyük qələbələr əldə etdi. Narkomaniya ikinci mənfur düşmən elan olunmalıdır və ona qarşı amansız mübarizə aparılmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top