Ana-bala şantajçılar…

SOSİAL 22 sentyabr 2022, 10:21
Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova saytımızda anasının fəaliyyəti ilə bağlı tənqidi yazımıza olduqca qeyri-etik münasibət bildirib. Təbii ki, onun səviyyəsinə enib eyni tonda, oxşar jarqonlar və söyüşlərlə cavab verə bilmərik. Hesab edirik ki, ailə tərbiyəsi görmüş, səviyyə sahibi olan kimsə, nə kişi, nə də qadın ən azından publik səviyyədə bu tipli yanaşma sərgiləməməlidir. 

Təəssüf ki, bu söyüşləri səsləndirən guya neftçilərimizin hüquqlarını "müdafiə" edən bir qadının "hüquq müdafiəçisi" qızıdır. 

Ana-bala yaxşı daraşıblar bu sahəyə. Mirvari Qəhrəmanlı SOCAR-ı hədəf götürməklə həm xaricdən qrant alır, həm şirkətin daxilindəki "köhnə canavar"lardan pul sömürür,  həm də qurumun rəhbərliyini ələbaxan etmək və beləliklə öz sözünü, sifarişlərini keçirtməyi planlayır. Bir güllə ilə üç dovşan vurmaq, təbii ki, xüsusi məharət tələb edir. Mirvari Qəhrəmanlı çoxdan bu yoldadır, indi isə, estafeti yavaş-yavaş qızına ötürür. 



2021-ci il iyulun 4-də Xəzərdə baş vermiş  partlayışı yəqin hamı xatırlayır. Hadisə baş verəndə M.Qəhrəmanlı dərhal bildirdi ki, partlayış “Ümid” yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusunda baş verib. Sonra da belə bir iddianı dövriyyəyə buraxmışdı ki, boruları satıblar, yeyiblər və s. Həmin vaxt SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov buna belə reaksiya vermişdi: "Mirvari xanım bu məlumatı haradan götürüb bilmirəm". Aradan bir az keçəndən sonra isə məlum oldu ki, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Ümid yatağının bu məsələyə heç bir dəxli yoxdur, bu, sadəcə Mirvari Qəhrəmanlının uydurmasıdır. 

Və xanım "hüquq müdafiəçisi"nin fəaliyyətində bu qədər uydurmalar yetərincədir. Əsas odur ki, bərk çığırasan, pafoslu danışasan, bir-iki dənə də neft-qaz sahəsinə aid ifadə işlədəsən ki, zavallı kütlə buna inansın. Sonrası nə olacaq - şirkət ziyan çəkəcək, imicinə xələl gətiriləcək və digər bu kimi məsələlər önəmli deyil. 

M.Qəhrəmanlının zərrə vicdanı olsaydı, ən azından çıxıb deyərdi ki, səhv etmişəm, ay ictimaiyyət. Yalan danışdığıma, səhv məlumat verdiyimə görə üzr istəyirəm. Amma bu baş vermədi, verməyib və verməyəcək də. Çünki bu da Mirvari Qəhrəmanlının sahib olmadığı bir mədəniyyətdir. 

Bir adam ki, SOCAR-ı daim tənqid atəşinə tutub özü üçün qaz vurub qazan doldura, ondan məsuliyyət, mədəniyyət gözləməyə dəyməz. Bunu da nahaqdan demirik. 

Mirvari Qəhrəmanlının heç olmasa bircə dəfə “BOS SHELF” şirkətini tənqid etdiyini kimsə görübmü? 

Yox, belə bir şey olmayıb. Səbəbi də odur ki, illər əvvəl bu "hüquq müdafiəçisi" SOCAR-ı ardıcıl şantaj edərək öz yaxınını “BOS SHELF”-ə yaxşı vəzifəyə yerləşdirib. Özü də bu, ilk hal deyil. 

Baxın, Mirvari Qəhrəmanlı SOCAR-ı yıxıb-sürüyür, amma öz ünvanına bir dənə də tənqidə dözə bilmir. Qızının "gül" tökülən ağzı ilə Daşlı adasındakı vulkan kimi küçə əxlaqı püskürür. 

Baxın, budur bunların mahiyyəti, mənəviyyatı, səviyyəsi…

Min oyundan çıxırlar, reket, şantaj üslubu ilə ciblərini doldururlar, bu halları ifşa edənləri də küçə söyüşləri ilə susdurmağa çalışırlar.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top