"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub — YENİLƏNIB

İDMAN 09 sen 2022, 00:54
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. /report


***

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Demokrat.az 
xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxıb.

Qurban Qurbanovun komandası G qrupunda Almaniyanın “Frayburq” klubunun qonağıdır. Ağdam təmsilçisini hazırda Bundesliqanın lideri olan komanda ilə çətin oyun gözləyir. 

Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

8 sentyabr

Avropa Liqası

G qrupu

1-ci tur

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1 (Birinci hissə)

Qol: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)
Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)


***23:10

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağıdır.

“Europa-Park” stadionunda oynanılan qarşılaşmanı belçikalı baş hakim Erik Lambrexts idarə edir.

***

Almaniyada UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda üz-üzə gələcək "Frayburq" və "Qarabağ" klublarının start heyətləri açıqlanıb.

Demokrat.az
xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top