İordaniyada 27 ölkənin iştirakı ilə hərbi təlimlər başladı

DÜNYA 04 sen 2022, 22:17
ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla 27 ölkə qoşunlarının iştirak etdiyi “Sürətli aslan” kod adlı hərbi manevrlər bazar günü İordaniyada start götürüb.

Krallığın silahlı qüvvələrinin qərargahının bəyanatına görə, təlimlər sentyabrın 4-dən 15-dək İordaniya Silahlı Qüvvələrinin poliqonlarında, həmçinin Kralın xüsusi əməliyyatları üzrə təlim mərkəzində keçiriləcək.

Qeyd olunur ki, manevr ssenariləri ən təhlükəli təhdidlər, ilk növbədə terrorçuluq, kütləvi qırğın silahlarından istifadə imkanları nəzərə alınmaqla hazırlanıb və hərbi əməliyyatların real şəraitinə mümkün qədər yaxın olacaq.

Çoxtərəfli təlimlərə müxtəlif quru və dəniz silahları, həmçinin Hərbi Hava Qüvvələri cəlb ediləcək.

Manevrlərdə iştirak edən hərbi kontingentin sayı barədə məlumat verilmir.

Təlimlərdə İordaniya qüvvələri ilə yanaşı, Almaniya, İtaliya, Yaponiya, Qazaxıstan, Polşa, Pakistan, Avstraliya, Keniya, İraq, Livan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin hərbi qulluqçuları da bir neçə mərhələdə iştirak edəcəklər.

Qeyd edək ki, İordaniyada belə təlimlər sonuncu dəfə koronavirus pandemiyası başlamazdan əvvəl, 2019-cu il avqustun 25-dən sentyabrın 5-dək keçirilib. Təlimlərdə 28 ölkə ordusunun nümayəndələri iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top