Gecə klubundakı partlayışla bağlı yeni faktlar açıqlandı

HADİSƏ 29 avq 2022, 19:31
Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az 
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Məhəmməd Mustafazadə ifadə verib. 

O bildirib ki, həmin gün “Location” gecə klubuna gecə saat 3-də dostlarının yanına gedib: "Mən ora gələndə təxminən 5 dəqiqədən sonra partlayış oldu. Müxtəlif yanıq xəsarətləri aldım. 5 gün müalicə almışam. Heç bir şikayət və tələbim yoxdur".

Daha sonra vəkillər tərəfindən təqsirləndirlilən şəxs Orxan Səfərliyə suallar ünvanlanıb. O isə bütün suallara cavab verməkdən imtina edib. 

Digər əcnəbi zərərçəkmiş şəxs, Nigeriya vətəndaşı Fatima Samara ifadə verib. O deyib ki, əylənmək məqsədilə gece klubuna gedib: "Dostum məni dəvət etmişdi. Ara-sıra rəqs edirdim. Ayaq yoluna girmişdim. Çıxanda partlayış baş verdi. Müalicəmə pul xərclənib amma mənim əllərim pis vəziyyətdədi. Bu qədər pul xərclənməsinə baxmayaraq, müalicənin heç bir effekti yoxdur. Taleh həkim mənə dedi ki yenidən əməliyyata ehtiyac var".

Məhkəmədə məlum olub ki, Fatima yeganə zərərçəkmişdir ki, ən çox ona pul xərclənib. Həmin məbləğ 58 min 64 manatdır.

"MedEra hospital"da onun müalicəsinə 36 min 64 manat pul xərclənib, 21 min 600 manat isə Xətai estetikdə müalicəsi davam etdirilir
Orxan Səfərlinin vəkili isə bildirib ki, "MedEra hospital"da həmin xəstəyə görə hər günə 1000 manat pul tələb olunub:

Növbəti proses sentyabrın 5-də davam edəcək.

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.

O, həmin partlayışda ağır xəsarət alıb.

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top