Müalicəsinə pul tapmayan aktyor: “Oturub ölümümü gözləyirəm”

MƏDƏNİYYƏT 19 avq 2022, 00:22
Bir müddət əvvəl Prezident İlham Əliyevin hədiyyə etdiyi evi satan xalq artistlərinin adı məlum oldu.

Xalq artisti Tariyel Qasımovun sözlərinə görə, Xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlər  satılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev bildirib ki, sənətçiyə hədiyyə edilən evi necə istifadə etməsi onun şəxsi işidir və kiminsə bu məsləyə qarışmağı doğru deyil:
“Dövlət mənə nə ev, nə də ad verib, mənə heç nə verməyiblər. Ona görə də aktyorlara verilən evlərlə bağlı danışmaq mənim üçün çətindir. Xəstəliyim irəliləyib, əhvalım da yoxdur, buna baxmayaraq heç kəs mənimlə maraqlanmır. Hansısa sənətçinin evi varsa, buna baxmayaraq Prezident də ona ev hədiyyə edirsə, sağ olsun. Ev hədiyyə olunduqdan sonra onun aqibəti kimsənin müzakirə mövzusuna çevrilməməlidir. Hədiyyə edilibsə, istəyər oğluna verər, istəyər satıb başqa bir şey alar, ya satıb maşın alar, bağ evi alar, borcu varsa, onu ödəyər. Burada qeyri-adi bir şey yoxdur  və kiminsə qarışmağı doğru deyil”.

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən aktyor aidiyyatı qurumların onunla maraqlanmamasından gileylənib:

“Müalicə davam edir. Ölkəmizdəki klinikalardan birində müalicəm gedir, amma maddi durum hər dəfə özünü göstərir. Bilirsiniz, parkinson xəstəliyi birdəfəlik müalicə olmur və vaxt keçdikcə fəsadları üzə çıxır. Ona görə də hər şeydən, hamıdan küsmüşəm. Ancaq sənət dostlarım arada zəng edib hal-əhval tuturlar. Heç bir dövət qurumu mənimlə maraqlanıb demir ki, haradasa belə bir adam var. Ölüb gedəndən sonra deyəcəklər ki, heyf, belə bir adam vardı… Mən də ona görə oturub ölümümü gözləyirəm, başqa nə edə bilərəm ki? Xaricdə müalicə etdirə bilərəm, amma ona da böyük məbləğdə, təxminən, 30.000 dollar pul lazımdır. Mədəniyyət Nazirliyinə dəfələrlə yazmışam, hər dəfə deyirlər biz bu barədə tədbir görəcəyik, amma heç nə etmirlər, ömür də gedir. İki gün sonra doğum günümdür, 64 yaşım tamam olur. Təqaüd də almıram, həkimlər deyir ki, parkinson xəstəliyi əlillik sayılmır, ona görə sənə təqaüd düşmür, yaşa görə də 65-dən sonra ala biləcəyəm. 3-4 ildir demək olar ki, onun-bunun hesabına yaşayıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top