Hüseynbala Mirələmov haralardadı?

SOSİAL 16 avq 2022, 21:04
Modern.az saytında “...haralardadı?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir. 

Əməkdaşımız bu dəfə sabiq deputat Hüseynbala Mirələmovun haralarda olduğunu öyrənməyə çalışıb.

Keçmiş deputat, siyasətçi, yazıçı, professor... Mətbuat Hüseynbala müəllimi indi belə təqdim edir... Əvvəllər media ilə ünsiyyətdən yayınmayan H.Mirələmov son vaxtlar jurnalistlərin zənglərinə cavab vermir... Sabiq deputatın mətbuat işçilərilə “haqq-salam”ı kəsməsinə isə 2021-ci ilin aprelində ictimailəşdirilən qalmaqallı videogörüntü  səbəb olub... O zaman həmin videogörüntünü ucdantutma bütün KİV-lər tirajlamışdı. Hətta Hüseynbala müəllimlə dostluq edənlər belə... Bu da keçmiş deputatın jurnalistlərdən inciməsinə səbəb olub... Və o, indi medianın zənglərinə ya cavab vermir, ya da çox nadir hallarda telefonu açır...

Xatırlayırsınızsa, 2021-ci ilin aprelində əvvəlcə sosial şəbəkələrdə, ardınca isə elektron KİV-lər yayılan bir neçə saniyəlik videogörüntüdə Hüseynbala Mirələmovun əlini otağa girən qadının arxasına toxundurduğu əks olunmuşdu. İddialara görə, həmin video o zaman onun kafedra müdiri kimi çalşıdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının onlayn iclası zamanı çəkilib.

Əlbəttə ki, özünün xəbəri olmadan...

O zaman sosial mediada keçmiş deputatın bu qeyri-etik hərəkəti cinsi qısnama kimi qiymətləndirilmiş və görüntülər böyük qalmaqala səbəb olmuşdu.

İş o yerə çatdı ki, Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədrliyindən çıxarıldı. Amma YAP İdarə Heyəti təkcə bununla kifayətlənmədi, eks-deputatı həm də qurumun Veteranlar Şurasından və ümumiyyətlə partiya üzvlüyündən xaric etdi...

Bu da son olmadı. O, çalışdığı ali məktəbdəki vəzifəsindən - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin Neftin, qazın nəqli və saxlanması kafedrasının müdiri postundan da azad edildi. Eyni zamanda, bu universitetdə dərs deyən Hüseynbala Mirələmovu yarımştat müəllim vəzifəsindən də kənarlaşdırdılar.

Nəticədə Hüseynbala müəllim təkcə jurnalistlərdən deyil. YAP-dan və - Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən incik düşdü.

Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.

O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.
H.Mirələmov 2020-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərə də qatılmışdı. Hətta qalib elan olunmağa yaxın da idi. Amma son məqamda onun üçün hər şey alt-üst oldu.
13 fevral 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsi üzrə daxil olan şikayətlərə baxıldı və ciddi qanun pozuntuları səbəbindən nəticələr ləğv edildi. Həmin anadək isə MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, 33 saylı dairədə lider namizəd Hüseynbala Mirələmov idi və əksəriyyət onun bu dəfə də deputat seçiləcəyinə şübhə etmirdi...

“Mən şəxsən nəticənin niyə ləğv olunduğunu bilmədim. Qələbə qazanmışdım. İnsanların böyük əksəriyyəti məni təbrik də etmişdi”, - deyən Hüseynbala Mirələmov sonradan MSK-nın qərarına belə münasibət bildirmişdi.

Hüseynbala Fazil oğlu Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 1964-cü ildə Lənkaran şəhəri 2 №-li məktəbi gümüş medalla bitirib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsində ali təhsil alıb, sənaye və mülki tikinti ixtisası üzrə diploma  yiyələnib.

1965-ci ildən “Azərbaycan pioneri” qəzeti redaksiyasının baş ədəbi işçisi olub. 1970–1971-ci illərdə Rusiyanın Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olub.
1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis, 1986-cı ildən “Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb.

1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub.

1996-cı ildən “Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998–2007-ci illərdə Azərbaycan Qaz Emalı Zavodunun rəisi işləyib.

2005-ci ildə deputat seçilən H.Mirələmov 15 il parlamendə mandat sahibi olub. Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, qazın nəqli və saxlanması kafedrasının müdiri işləyib.

1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olub və YAP Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Texnika elmləri doktoru, professor, Əməkdar mühəndisdir. Azərbaycan Mühəndislər Akademiyasının, Avropa və Rusiya Mədən akademiyalarının üzvüdür.

H.Mirələmov Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin də üzvüdür. Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir.

Hüseynbala Mirələmovun rəsmi tərcümeyi-halında yazılır: “Şöhrət” ordeni ilə təltif edilib. “Qızıl kəlmə”, “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza”, Rusiyanın Yuri Dolqoruki, N.Kosıgin mükafatları, akademik Həsən Əliyev adına beynəlxalq mükafat, Mahmud Kaşqari beynəlxalq mükafatı laureatıdır. Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalına,
“Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı”na layiq görülüb, MDB ölkələri üzrə 8 dəfə “İlin direktoru” seçilib.

Evlidir, 4 övladı var”.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə "Bir tikə çörək" hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu" 1986-cı ildə işıq üzü görüb. 30-dan artıq bədii, publisistik, elmi kitabın müəllifidir.

Bəs bu yaxınlarda 77 yaşını qeyd edən Hüseynbala Mirələmov indi haralardadı…

O, hazırda təqaüdçü eks-deputat kimi yüksək pensiya ilə (təxminən 4 min manat) təmin olunur.

Artıq gələcək seçkilərdə iştirak etməyi düşünmədiyini deyən H.Mirələmov KİV-ə açıqlamasında özünü tamamilə bədii yaradıcılığa həsr etdiyini bildirib.

Eks-deputat eyni zamanda biznes sahəsində fəaliyyətini davam etdirir. Onu son vaxtlar aradabir Şıxov çimərliyindəki “Min bir gecə” istirahət məkanında dincələn görürlər… Deyilənə görə, bu məkan elə sabiq deputatın özünündür…

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top