Sabiq deputat: “Turistləri kəndə buraxmayan insanlar haqlarını tələb edirlər”

GÜNDƏM 16 avq 2022, 13:22
Xəbər verdiyimiz kimi, Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar. Onlar bu addımı kənd yollarında xüsusilə şənbə-bazar günlərində yaşanan sıxlığa görə atdıqlarını bildiriblər. Turistlərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb ediblər.

Məsələ ilə bağlı sabiq deputat, iqtisadçı ekspert Nazim Baydəmirli Demokrat.az-la fikirlərini bölüşüb. Ekspert açıqlamasında bildirib ki, əslində kəndlərin bələdiyyələri özlərini idarə etmiş olsaydılar, yerli idarəçilik özünü idarəetmə institutları yaranmış olsaydı və gələn turistlərdən kəndin büdcəsinə, kəndin infrastrukturuna müsbət dəyişiklik olmuş olsaydı, belə hallar da baş verməzdi:

“Eyni zamanda, yerli özünü idarəetmə orqanları avtomobillər üçün duracaq və infrastrukturu daha da yaxşılaşdırmaq üçün addımlar ata bilərdilər. Buna görə, kənd camaatının bu qaldırdığı problem əslində vacib problemlərdən biridir, ictimai diqqəti problemə yönəltməkdir. Çünki hər bir bölgəmizdə yerli məmurların ictimai yerləri, meşələri və digər bulaqların üzərini zəbt etməsi, orada istirahət mərkəzləri yaratması və bununla da, yerli camaatın fəaliyyətinə mənfi təsir göstərməkləri göz önündədir. Bu, təkcə Qəbələyə aid deyil. Elə bizim istirahət etdiyimiz hal-hazırda kəndimizdə gəldiyimiz ictimai yerlərdə bulaqların başı tutulub. Anti-sanitariya mövcuddur, meşələrin yaxşı yerləri zəbt olunub. Yəni, bu addımbaşı var. Təbii ki, bundan yararlanan yerli icra hakimiyyəti orqanlarıdır, hansı ki, rüşvət müqabilində bunları həyata keçirirlər. Ona görə, Laza camaatının etirazını anlayışla qarşılayıram, haqqlarını tələb edirlər”. 

Sabiq deputat qeyd edib ki, turist yerlərinə, maraqlı yerlərə getmək də Azərbaycan vətəndaşlarının hüququdur:

“Bilirsiniz ki, Azərbaycanda avtomobillə müəyyən mərkəzlərə girmək qadağandır. Misal üçün Lahıcın mərkəzi hissəsi qoruq elan edilib, ora giriş qadağandır. Həmçinin, Bakıda İçərişəhər qoruq elan olunub, yəni ora da giriş qadağandır.  Kimə nə lazımdırsa, nə faydalıdırsa icra hakimiyyəti orqanları bunu həll edə bilirlər, həmin an göstəriş verə bilirlər. Ancaq dediyimi, kimi vətəndaşların yaşadığı yerlərdə onların həyatının necə qurulması, kənd icmasının necə fəaliyyət göstərməsi, məhz onların öz ixtiyarında olmalıdır, ən azı göstərişlə olmamalıdır. Çox təəssüf ki, Azərbaycanda yerli icra hakimiyyəti orqanları bələdiyyələrin səlahiyyətlərini mənimsəyiblər. Əslində problemin kökü seçki institunun olmamasıdır. İnsanların seçilmiş və ya təyin olunmuş “rəhbərlərə” etibarlarının olmamasıdır. Onların ictimai maraqları qurmaması haqqında formalaşmış fikirdir. Çünki belə şəxslər, seçilmiş “deputatlar” olsun, yaxud “bələdiyyələr” olsun seçkilərin marağını qorumurlar, ancaq öz şəxsi maraqlarını güdürlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top