Deputat: “Sovet rəhbərliyi erməniləri həmişə öz qucağında saxlamaq üçün...”

GÜNDƏM 15 avq 2022, 12:05
“2020-ci il payızında 44 günlük Vətən müharibəsi təkcə o zaman azad etdiyimiz torpaqlarla bitmədi. İşğaldan azad edilən torpaqlarla yanaşı Azərbaycan Cənubi Qafqazın xəritəsinə yeniliklər gətirdi. Bu yeniliklər nədən ibarət idi? Hamı bilir ki, sovet dönəmində rus tarixçiləri, erməni tarixçiləri bilirlər ki, o zaman Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi sadəcə bir torpağın verilməsi deyil, bu bir xalqın, yəni Azərbaycan xalqının faciəsi idi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat vurğulayıb ki, Qərbi Azərbaycan dediyimiz ərazinin əhalisi tarix boyu birmənalı olaraq türk-müsəlman, yəni azərbaycanlı olmuşdur:

“Ancaq sovet rəhbərliyi erməniləri həmişə öz qucağında saxlamaq üçün, körpə uşaq kimi bəsləmək üçün bir çox xalqların, o cümlədən Azərbaycan xalqının torpağını, ərazisini, mədəniyyət abidələrini belə ermənilərə verməkdən çəkinmədi. Bunları etdi və tarixi faciələr gətirdi. Ermənilər də bundan istifadə edərək ayrı-ayrı dönəmlərdə Qərbi Azərbaycan əhalisinə qarşı soyqırım həyata keçirərək, nəhayət 20-ci əsrin 80-ci illərin axırlarına yaxın bu torpaqları boşalda bildilər. Onun yer adlarını, kənd adlarını, rayon adlarını, dərələrinin, təpələrinin adlarını dəyişərək erməniləşdirə bildilər. Nə üçün? Çünki burada artıq türk, müsəlman, azərbaycanlı yaşamırdı. Sonuncu azərbaycanlıları da 1988-ci ildən bu torpaqdan çıxartmağa nail oldu. Ona görə də, bu tarix nə qədər faciəli bir tarix olmuş olsa da, Azərbaycanın dövlət başçısının dediyi kimi, biz bu tarixi yaddan çıxartmadıq. Bu tarixi həqiqətləri 30 il ərzində bütün dünyaya bəyan etməkdən yorulmadıq, usanmadıq. Bu həqiqət idi, bu həqiqət də öz bəhrəsini verdi”. 

“Bəli, 44 günlük müharibə ilə Azərbaycan özünə lazım olanların böyük əksəriyyətini etdi. Əgər kənar dövlətlər mane olmasaydılar, təbii ki, Azərbaycanın uğurları axıra qədər davam edəcəkdi. Ancaq bu gün də Azərbaycan tarixində Azərbaycan dövlət başçısının dediyi kimi, Qərbi Azərbaycan, Şərqi Zəngəzur varsa, demək Qərbi Zəngəzur da var. Bu Zəngəzur ki, bu torpaqlar tarix boyu bizim olublar. Ona görə bizim Laçına, Zabuxa, Susa qayıtmağımızdaa heç bir təəccüblü hal yoxdur. Ermənilər də bilir ki, bu torpaqlar bizimdir. Biz də yəqin yox, bu torpağın sahibi kimi bu mübarizəni aparmağa hazırıq. Təbii ki, dövlət başçısının dediyi kimi, biz yaxın aylar üçün bu torpağın sahibləri kimi bu torpaqlarda quruculuq işləri ilə məşğul olacağıq. Çünki Qarabağ Azərbaycandır! Qarabağın siyasəti ədalətli siyasətdir! Haqq siyasətdir və torpağı uğrunda mübarizə aparan bir xalqdır! Bu xalqı qələbəyə apara bilən Ali Baş Komandamız  var. Bu xalqın övladları Ali Baş Komandanın əmrini həmişə yerinə yetirməyə hazırdır. Bu gün də Azərbaycanın işğaldan azad olunan torpaqlarında  və işğal altında olan torpaqları varsa, onları da azad etmyə həmişə hazırıq”, - deyə deputat sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top