Abşeron bələdiyyələri: Hətta “göynən” gedənləri də var

GÜNDƏM 15 avq 2022, 10:40
Etiraf edək ki, Abşeron rayonunda formalaşan 15 bələdiyyənin fəaliyyəti daim digər rayon bələdiyyələrinin fəaliyyətindən fərqlənib. 

Bələdiyyələrin Abşeron rayonuna Zakir Fərəcovun rəhbərliyi dövründən başlayan  aktivliyi bu gün hiss edilməsə də, bəzi yerli özünüidarəetmə orqanlarında  müəyyən müsbət ənənə az da olsa davam etdirilməkdədər. Bütün bunlara rəğmən rayon bələdiyyələrində əvvəlki illərdə formalaşmış “neqativ vərdişlər”in kökünün kəsilməsində, müəyyən mənada bəzi sədrlərdəki  özündənrazılıq hisslərinin qarşısının alınmasında  rayonun  hazırki icra başçısısı Abdin Fərzəliyevin, təcrübəli siyasi rəhbər olaraq, öz töhvəsini verəcəyinə ümidliyəm. 

Bu gün Abşeron  bələdiyyələrinə rəhbərlik edənlərin bir çoxunda özündənrazılıq əlamətlərinin olması, habelə şəffaflığın təmin edilməsinə və seçicilərinə hesabatların verilməsinə   marağın belə olmaması, illərcə sədr kreslosunda əyləşib, amma bələdiyyə  sisteminin perspektivsizliyindən  danışanların olması təəssüf doğurur. 

Bu barədə bir qədər sonra.

***
Son günlər BMT-nin İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin qalibləri sırasında Xırdalan bələdiyyəsinin də adı çəkilir. İkiillik layihəyə ayrılan qrant məbləğinin həcmi 250 min avro təşkil edir. Onu da qeyd edim ki, son iki ildə bu Xırdalan bələdiyyəsinin ikinci qalibiyyətidir. Bundan əvvəl isə müsabiqə qalibi kimi həyata keçirdiyi layihənin həcmi  50 min avro olub. Son iki ildə beynəlxalq təşkilatların keçirdiyi müsabiqədə qalib olan Xırdalan bələdiyyəsinin bu nailiyyəti əslində bütün rayona şamil olan bir uğur hesab edilməlidir. Ona da inanırıq ki, yaxın gələcəkdə bələdiyyə bu uğurdan ruhlanaraq rayon ərazisində daha böyük layihələrin icrasının həm müəllifi, həm də icraçısı olmaqla Abşeron RİH-in həyata keçirdiyi irihəcmli layihələrə öz töhvəsini verəcəkdir. Bələdiyyə qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması üçün öz inzibati binasının ən müasir formaya uyğunlaşdırlmasından başlanan layihələrin icrasını hər halda təqdir edirəm. 

Bununla yanaşı Fatmayı, Mehdiabad və Goradil bələdiyyələrinin fəaliyyətlərində şəffaflıq prinsiplərinin qorunması, sakinlərin probleminin həllinin daim diqqətdə saxlanılması ilə seçilirlər. Yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb edilməsiylə bağlı atılan addımların ictimailəşdirilməsi  adıçəkilən bələdiyyələri fərqləndirən cəhətlərdəndir. Vergi ödəyiciləriylə daim maarifləndirmə işlərinin aparılması nəticəsində yerli büdcənin artırılmasına nail olunması qeyd edilən bələdiyyələrin əsas fəaliyyət istiqamətlərindən hesab olunur.  Məhz Xırdalan, Mehdiabad, Fatmayı, Göradil bələdiyyələrinin yeni seçilmiş sədrlərinin bu fəaliyyətinin nəticəsidir ki, həmin ərazilərdə yaşayan əhali arasında bələdiyyələr barəsində gəzən  neqativ söz-söhbətlərə birdəfəlik son qoyulub. Ancaq təəssüf ki bu fikirləri rayonun digər bələdiyyələri haqqında demək mümkün deyildir. Bu barədə bir qədər sonra.

***

Bu arada bələdiyyələrin ötən illərdəki fəaliyyətinə qısa şəkildə toxunmaq istərdim. Demək, Abşeron rayonunda formalaşan 15 bələdiyyənin ən yüksək  büdcə gəliri 2007-ci ildə olub. Həmin ildə əldə etdikləri “rekord” səviyyədə maliyyəni bu günədək təkrar edə bilməyiblər. 15 bələdiyyənin büdcəsinə 2007-ci ildə  6.383.900 manat daxil olub. 2019-cu ildə bu rəqəm 1.746.000 manat, 2020-ci ildə 1.782.000 manat, 2021-ci ildə 2.348.100 manat olub. Deməyiləm ki, məhz həmin il, yəni 2007-ci ildə  əldə edilən maliyyə vəsaitiylə bələdiyyələr öz ərazisində sosial-məişət binaları, məktəb, uşaq bağcası, həkim məntəqələri, idman meydançası inşa edərək sakinlərin istifadəsinə vermiş oldular. “Maliyyənin gəlhagəlində” özlərinə inzibati bina inşa edənlərdə az deyildi. Bu məqamı müsbət hal kimi dəyərləndirsəm də, sonralar “bərkgedən”  sədrlərin əksəriyyəti bələdiyyələri külli miqdarda borcla üz-üzə qoymaları da faktdır. 

Bu arada maraqlı bir faktı da qeyd etməyə bilmirəm. 2007-ci ildə əldə edilən maliyyə vəsaitinin 1.998.600 manatı bələdiyyə əmlakının və torpağının özəllələşdirilməsindən daxil olan gəlirlər təşkil edib. Bu da ümumi büdcə gəlirinin 31.3 faizi deməkdir. Ancaq həmin ildə bələdiyyələrə fiziki şəxslər tərəfindən edilən maliyyə yardımlarının (ianələrin) həcmi isə nə az nə çox düz 2.865.900  manat təşkil edib. Sual oluna bilər ki, bu qədər vəsait bələdiyyə büdcəsinə necə daxil olub. Qeyd edim ki,  “neqativ vərdişlərə” sahiblənən bəzi  sədrlər, o cümlədən Hökməli və digər bələdiyyələr kənd təsərrüfatı təyinatlı və örüş torpaqlarını  fərdi ev tikintisi üçün “açıq tender”ə çıxardıqlarından maliyyəni yalnız  bu şəkildə vətəndaşdan “qopararaq” prosesin “belini bağlayırdılar”.

Nəticədə onların böyük bir qisminin taleyi sonra məlum oldu, yəni bəzilərinə cinayət işi açıldı, bəzilərinə etimadsızlıq göstərildi. Yəqin ki, “Sevil massivi” ətrafinda yaranan söz-söhbət hər kəsin yaxşı yadındadır. 

Bəzi sədrlərin iştahası artaraq bu arada öz təsir dairələrini genişləndirməyə cəhd etmələri də faktdır. Aşağı Güzdək bələdiyyəsinin sədri olmuş şəxs  müxtəlif yollarla  başçının qəsəbə nümayəndəsi vəzifəsinə təyinat alaraq, həm də bələdiyyəni öz əlində saxlamışdı. Qeyd edim ki, bu kimi icra nümayəndələri bələdiyyəni  istədikləri kimi idarə edərək, həm də  nüfuzdan saldılar. 

Fikirləri yalnız torpaq satışına yönələn bu tip sədrlərin həmin il üçün əldə etdikləri  əmlak və torpaq vergisinin həcmi ümumi büdcə gəlirinin  4.6 faiz təşkil etməsi təəssüf doğurmaya bilməz. Onu da etiraf edək ki, atılan addımların bir çoxu heç də özbaşına atılmırdı. 

2021-ci il üçün olan rəqəmlərə baxsaq g  örərik ki, əldə edilən maliyyə vəsaitinin 60.8 faiz məhz əmlak və torpaq vergisindən daxil olub. Bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlərin həcmi ümumi büdcə gəlirində 20.4 faiz, maliyyə yardımlarının həcmi isə 3.6 faiz təşkil edib.  Nə isə...

Hazırda rayonda formalaşan Hökməli, Aşağı Güzdək, Güzdək, Pirəküşkül-Qobustan, Novxanı, Digah, Ceyranbatan, Qobu və Məmmədli bələdiyyələrinin fəaliyyəti isə nəzərə çarpmır, ümumiyyətlə hiss olunmur. Ən maraqlı məqam isə bu bələdiyyə sədrlərinin ünsiyyətdən qaçmağa maraqlı olmalarıdır.  Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevın tutduğu mövqe isə tamam seçilir. Novxanı bələdiyyəsinin sədri kimi on iki il ərzində daim bələdiyyə sisteminin perspektivsizliyi barədə danışsa da vəzifəsini tərk etmək fikri yoxdur. Sual olunur ki, əgər bu sistemin gələcəyinə ümidi yoxdursa onda niyə bu günədək sədr kreslosunda əyləşmisiniz? Bu sualı Digah bələdiyyəsinin sədrinə də vermək istərdim? Aşağı Güzdək və Hökməli bələdiyyəsinin sədrlərinə isə tövsiyəm odur ki, bələdiyyənin haqlı mövqeyin müdafiə edənlərlə ünsiyyətdə və münasibətdə diqqətli olsunlar və hər bir hərəkətlərinə və sözlərinə diqqət yetirsinlər. Nə isə...   

Bələdiyyənin fəaliyyətinin təbliği bu gün bütün sədrlərin, üzvlərin və qulluqçuların bir nömrəli vəzifəsi olmalıdır.  Sakin bələdiyyənin fəaliyyəti barədə tam məlumatlı olmalıdır, konkret. 

Rayona təyin edilən yeni siyasi rəhbərin dövründə müəyyən irəliləyiş hiss olunsa da, bələdiyyələrin sədrlərlə bağlı  problemləri tam şəkildə hələ də öz həllini tapmayıb.  Görünən odur ki, bu məsələ öz həlli tapmayınca bəzi bələdiyyələr ətrafında dolaşan neqativ fikirlər də aradan qalxmayacaq. Və onu da etiraf edək ki, nəticədə bu neqativ bütünlükdə rayonun formalaşmaqda olan müsbət imicinə də öz mənfi təsirini göstərəcək. 

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctmai birliynin sədri


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top