Partiya sədri: “Ermənilər də qalıb normal şəkildə Azərbaycanda yaşaya bilərlər”

GÜNDƏM 13 avq 2022, 16:47
“Ermənilər avqustun sonuna kimi Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməlidirlər. Bu tələb yeni Laçın dəhlizinin işə salınması ərəfəsində onların qarşısına qoyulub. Əslinə qalsa, avqustun 5-də artıq onlar o kəndlərdən çıxarılmalı idilər. Ancaq Azərbaycan rəhbərliyi ermənilərin xahişlərini nəzərə alaraq, avqustun sonuna qədər onlara möhlət verildi. Ermənilər həmin müddətdə göstərilən əraziləri mütləq şəkildə tərk edəcəklər. Bunun heç kimə şübhəsi olmamalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. 

Partiya sədri vurğulayıb ki, ermənilər də artıq başa düşürlər ki, onların başqa yolu yoxdur və bu əraziləri tərk etməlidirlər:

“Özü də oradakı yaşayış evlərinə və digər obyektlərə zərər vurmadan tərk etməlidirlər. Əgər tərk etməsələr növbəti əməliyyat keçiriləcək və onlar Azərbaycan Ordusunun gücü hesabına o ərazilərdən çıxardılacaqlar. Bunu da ermənilər yaxşı dərk edirlər və anlayırlar ki, artıq rus sülhməramlılarına güvənə bilməzlər. Çünki ruslar da görürlər ki, Azərbaycan bu məsələdə konstruktiv və barışdırıcı mövqe tutur. Eyni zamanda, güzəştsiz mövqe tutur. Bu baxımdan hesab edirəm ki, ermənilərin avqustun sonuna qədər həmin əraziləri tərk etməmək ehtimalı yoxdur. Onlar mütləq bu ərazilərdən çıxacaqlar. Azərbaycan Prezidentinin İsmayıllı da dövlət televiziyasına verdiyi müsahibədə də Azərbaycanın qətiyyəti aydın şəkildə göstərildi. Azərbaycanın qanuni tələblərinə dönmədən əməl olunmalıdır və hamı bilməlidir ki, Azərbaycanın mövqeyindən heç kim və heç bir vasitəçi və ya kiminsə zəngi döndərə bilməz. Həmin dövrlər artıq arxada qalıb. Paşinyan iyunun sonlarında çox maraqlı bəyanat vermişdir. Daha doğrusu, Fərrux dağı ətrafında baş verən prseslərlə bağlı bəyanat vermişdir. O demişdir ki, Fərrux dağı hamı üçün dərs olmalıdır. Həmçinin, “Biz Qarabağı hissə-hissə təhvil veririk” demişdir. Hesab edirəm ki, çox ciddi etirafdır. Qarabağa dönmədən hissə-hissə öz əsl sahibinə təhvil veriləcək”. 

A.Səmədov əlavə edib ki, ermənilər əgər normal insan kimi yaşamaq istəsələr, Azərbaycan vətəndaşı kimi qalıb bu ərazilərdə yaşaya bilərlər:

“Burada söhbət keçmiş Dağlıq Qarabağ vilayətinin indiki ərazilərində yaşayan ermənilərdən gedir. Laçında, Zabuxda, Susda yaşayan ermənilərdən - Suriyadan, Livandan gətirilən ermənilərdən getmir. Əlbəttə ki, ermənilər də normal şəkildə Azərbaycan vətəndaşı kimi Azərbaycan qanunlarına tabe olaraq ölkəmizdə yaşaya biləcəklər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top