Deputat: “İranın bu hərəkətinə ən gözəl cavabımız təcili İsraildə səfirliyimizin açılmasıdır”

GÜNDƏM 12 avq 2022, 17:30
“İranın Qafanda konsulluğunun açılmasının heç bir məntiqi izahı yoxdur. Konsulluqların və nümayəndəliklərin açılması, xalqlar arasında dostluq münasibətlərinin, mədəni əlaqələrin, sülhün möhkəmlənməsinə xidmət etməlidir. Lakin, cənub qonşumuzun bu addımı regionda gərginliyin artmasına, Ermənistanla Azərbaycan arasında sülhün əngəllənməsinə xidmət edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar beynəlxalq təşkilatlar, dünya gücləri tərəfindən qəbul edilib:

“Lakin buna baxmayaraq, İran yeganə dövlətdir ki, Azərbaycanın qələbəsini həzm edə bilmir. Bütün mümkün vasitələrdən istifadə etməklə, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir. Türkiyə, Rusiya, İran dövlət başçılarının Tehran görüşündən sonra, dini liderlərinin dili ilə, ölkəmizə yönəlik düşmənçilik məqsədlərini tam açıqlığı ilə elan etdi. Zəngəzur dəhlizi, iqtisadi layihədir və dəhlizin işə düşməsi, regionun bütün ökələri arasında iqtisadi əməkdaşlığı gücləndirəcəkdir. Nəticədə, dayanıqlı sülh təmin olunacaqdır. “3+3” formatının kökündə məhz, bu ideya durur. Əfsuslar olsun ki, İranın siyasəti destruktiv xarakter daşıyır və gələcəkdə Ermənistanın güclənməsinə, yeni müharibə üçün təşkilatlanmasına şərait yaradır”. 



Millət vəkilinin sözlərinə görə, bu dövlət, Şərqi Zəngəzurun Naxçıvan vasitəsilə, qardaş Türkiyə və yaxud əks istiqamətdə birbaşa əlaqəsini özü üçün təhlükə olaraq görür:

“21-ci əsr üçün, heç bir iqtisadi, siyasi əhəmiyyəti olmayan, primitiv düşüncədir. Əksinə, təhlükəlidir, düşmənçilikdən başqa bir şey deyildir. Konsulun təyin olunmasına, artıq İrəvanda görüşlər keçirməsinə gəldikdə isə, deyə bilərəm ki, bu köklü dəyişiklərə səbəb olmayacaqdır. İran, beynəlxalq müstəvidə olduqca mənfi imicə malik, terrorizmi dəstəkləyən dövlət olaraq tanınır. Təbii sərvətlərin bolluğuna görə dünyada ən varlı ölkələrdən olmasına baxmayaraq, əhalisi kasıb vəziyyətdə yaşayır. Ermənistan da həmçinin, məğlub, siyasi-iqtisadi cəhətdən oturuşmamış, autsayder dövlətdir. Onlar cılız davranışlarla, tarixi proseslərin qarşısını ala bilməzlər. Sadəcə, xırda təxribatlarla ləngidə bilərlər. İran kimi dövlətin Ermənistan kimi dostu ola bilər. Hesab edirəm ki, İranın bu hərəkətinə ən gözəl cavab, bizim təcili olaraq, İsraildə səfirliyimizin açılması olardı”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top