Polkovnik Ramaldanov: “Arayik Harutyunyan hazırda axtarışa verilib və məsuliyyətə cəlb edilməlidir”

QARABAĞ 11 avq 2022, 14:40
Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı hesab edən Arayik Harutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”in icrası dayandırılıb və həmin “fərman” ləğv edilib.

Məsələ ilə bağlı polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Demokrat.az-a açıqlamasında bildirib ki, rus sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində dövlətimizin maraqlarına zidd olan heç bir addım atıla bilməz:

“Rusiya sülhməramlıları Azərbaycan dövlətinin razılığı əsasında Qarabağda ermənilərin sıx yaşadığı ərazilərdə müvəqqəti olaraq yerləşdirilib. Onlar sadəcə sülhməramlı missiyasını yerinə yetirmək üçün oradadırlar. Bu isə o deməkdir ki, orada heç bir səfərbərlik elan edilə bilməz. Arayik Harutyunyan özü separatçı rejimin rəhbəri kimi tanınır. 



Əlbəttə ki, separatçı rejim qanuni rejim deyil. Fikrimcə, rus sülhməramlı qüvvələri məhz Araiki bu addımı atmağa məcbur ediblər. Çünki bu cür qanunsuz “fərman”ın icrasına yol vermək olmaz. 

Qeyd edim ki, Arayik Harutyunyan hazırda Azərbaycanın Baş Prokurorluğu tərəfindən axtarışa verilib və o, məsuliyyətə cəlb edilməlidir. Ona görə də, rus sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərimizdə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atıla bilməz. Rusiya sülhməramlı qüvvələri məhz Qarabağda sülhü qorumaq üçün yerləşdiriliblər və onların konkret missiyası bəllidir. Səfərbərliyin isə elan edilməsi Azərbaycanın içində Azərbaycana qarşı olan bir addımdır. Buna isə yol vermək olmaz!”.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top