Ziyafət Əsgərov: “Rus sülhməramlıları Qarabağda sülhü təmin etmirlər”

GÜNDƏM 04 avq 2022, 11:00
“Bizim əsas məqsədimiz ondan ibarətdir ki, 10 noyabr 2020-ci ildə qəbul olunmuş və hər üç dövlət başçıları tərəfindən imzalanmış Bəyannaməyə əməl olunsun. Və o bəyannamədə də birbaşa göstəriş var ki, Qarabağ ərazisindən qanunsuz erməni silahlı dəstələri çıxarılsın. Təəssüf edirəm ki, bugünədək bunlar çıxarılmayıb. Gah Rusiya, gah da Ermənistan dövləti söz verir ki, çıxaracağıq. Amma, nəticə yoxdur və nəticə olmayanda da bax belə Ermənistan tərəfindən həm dövlət sərhəddində, həm də Qarabağın içərisində bizim silahlı qüvvvələrimizə, mülki insanlarımıza qarşı təxribatlar başlayır. Belə olan yerdə biz nə etməliyik? Əlbəttə ki, tədbirlər görməliyik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib. 

Komitə sədri bildirib ki, əgər bundan sonra da təxribatlar baş verəcəksə, o zaman dövlətimiz tərəfindən daha ciddi tədbirlər görüləcək:

“Açığı deyim ki, rus sülhməramlıların oradakı mövqeyi məni çox təəccübləndirir. Məsələ ondadır ki, təxribatlar məhz rus sülhməramlıların məsuliyyət zonasında baş verir. Sual yaranır. Nə üçün buna göz yumulur? Bu da məlum deyil. Axı, sülhməramlıların birbaşa vəzifəsi ondan ibarətdir ki, onlar Qarabağda sülhü təmin etsinlər və orada qanunsuz silahlı erməni dəstələrini çıxartsınlar. Çox təəssüf ki, bugünədək biz bunu görmədik. Baxmayaraq ki, Rusiyanın həm hərbi, həm siyasi rəhbərliyi dəfələrlə söz verirlər ki, onlar oradan çıxarılacaq və Bəyannamədəki göstərilən göstərişlərə əməl olunacaq. Lakin bugünədək bu yoxdur. Yoxdur, deməli biz bəyannamədə yazılan o müddəanı özümüz yerinə yetirəcəyik. Daha başqa yol görünmür. Biz istəyirik ki, bəyannamədə yazılmış formada sakitcəsinə, yəni beynəlxaq qaydalarına uyğun olaraq qanunsuz silahlı erməni dəstələri oradan çıxarılsınlar. Ancaq görünən odur ki, bəyannamədə yazılanlara bunlar əməl etmirlər. Belə olan təqdirdə biz özümüz  bu cür təxribatların qarşısını alacağıq. Əgər belə təxribatlar bir də baş verərsə, bundan sonra gələn yumruq daha güclü olacaq”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top