Azərbaycan Avropanın etibarlı və alternativ enerji qaynağıdır

GÜNDƏM 21 iyl 2022, 16:35
İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair “Anlaşma Memorandumu” imzalayıb. 

Dünyanın müasir enerji xəritəsi yalnız iqtisadi deyil, eyni zamanda mühüm siyasi konfiqurasiyaların formalaşmasına təsir baxımından böyük əhəmiyyətə malikdir. Sənayenin yüksək sürətlə inkişafı ilə bağlı çağdaş iqtisadi tələblərin qarşılanması, həmçinin, ekosistemin mühafizəsinin təmin olunması hazırda qaçılmaz olduğu üçün alternativ enerji mənbələrinə müraciətlərin sayı hər nə qədər artsa da dünya dövlətlərinin neft və qaza yenə ciddi ehtiyacı var. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa dövlətlərini alternativ enerji istehsalçıları ilə qarşılıqlı, səmərəli tərəfdaşlıq münasibətləri qurmağa sövq edir. Mövcud enerji mənbələri içərisində Xəzər regionu dövlətləri, xüsusilə də Azərbaycan özünəməxsus mövqeyə sahibdir.

Bildiyimiz kimi dünyanın əsas siyasi və iqtisadi mərkəzi və qlobal güc olan ABŞ-ın  Pensilvaniya ərazisində neft yataqlarının aşkar olunmasından azı 10 il öncə Azərbaycanda, Bibiheybətdə ilk neft quyusu fontan vurub. Sənaye üsulu ilə dünyada neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilib. 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində yeni mərhələ başlayıb. Azərbaycan təbii sərvətlərinə real şəkildə sahiblik hüququ qazanıb. Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın xahiş və təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən enerji sektorunda böyük dirçəlişin əsası qoyuldu və milli maraqlara söykənən siyasət həyata keçirilməyə başlandı.

Azərbaycanın 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalaması dövlətimizin yeni enerji strategiyasının, neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malikdir. 1996-cı il iyunun 6-da regionun və Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan “Şahdəniz” qaz yatağının işlənilməsinə dair müqavilənin imzalanması ilə bu siyasi proses dönməz xarakter aldı.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) ən məşhur neft şirkətləri (Amoko, BP, McDermott, Unocal, ARDNŞ, LUKOYL, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Yaponiyanın “İtoçu” və ABŞ-ın “Eksson”, “Amerada Hess” şirkətləri isə bu müqaviləyə sonradan qoşuldu. 2007-ci ilin avqust ayından etibarən isə Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başladı.

Ulu Öndər Heydər Əliyev 22 sentyabr 1994-cü ildə Azərbaycan televiziyası ilə çıxışında bu müqavilənin tarixi əhəmiyyətini dəqiq şəkildə ifadə edib: “Bu, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir”.

Ümummilli liderimizin memarı olduğu yeni neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması idi. Əlbəttə ki, bu məsələdə həlledici yük Bakı-Tbilisi-Ceyhan boru xəttinin üzərinə düşür. 2002-ci il sentyabrın 18-də Səngəçalda inşasına başlanılan Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi 2006-cı ildə başa çatdı.  Kəmərin uzunluğu 1768 km-dir. Onun ən uzun hissəsi (1076 km) Türkiyə, 443 km Azərbaycan, 249 km isə Gürcüstan ərazisindən keçir. 

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bununla da müstəqil Azərbaycanın neft strategiyasının ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan kəməri reallığa çevrildi. 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni enerji strategiyasını  2003-cü ildən etibarən Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sisteminə fundamental yanaşması, strateji baxışı və çox dəqiqliklə həyata keçirdiyi balanslaşdırılmış siyasət kursu Azərbaycanı Avropanın etibarlı və alternativ enerji qaynağına çevirib. Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. Avropa İttifaqının ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda isə 18.0 faizdir. Ölkəmizlə Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək artıb. Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin, o cümlədən də Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Aİ Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. 

Prezident İlham Əliyev iyulun 18-də imzalanma mərasimindəki çıxışında Anlaşma Memorandumunu yol xəritəsi adlandıraraq bildirib ki, Azərbaycanın başlıca rol oynadığı və Aİ-nin dəstəklədiyi yeni enerji layihələri Avropanın enerji xəritəsinin dəyişməsinə mühüm təsir edəcək: “Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq”. 
Hazırda dünyada baş verən geosiyasi hadisələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında oynadığı rolunun daha da artacağını göstərir. Xüsusi ilə cari ilin 24 fevralında başlayan Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi güclənməkdədir.

Azərbaycan “Şahdəniz” ilə yanaşı yaxın dövrdə daha 5 yataqda – “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”də qaz hasilatına başlayacaq. Bu Azərbaycana qarşıdakı dövrdə həm  mavi qaz ixracatını artırmaq imkanı verəcək, həm də Avropa üçün hazırda xüsusi ilə mühüm əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq. İlham Əliyevin Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen ilə imzaladığı “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha göstərir ki, Aİ ilə Azərbaycan arasında strateji əlaqələr dərinləşməkdədir. Cari ilin iyul ayında istifadəyə verilən Yunanıstan-Bolqarıstan xətti də azı dörd Avropa ölkəsinə Azərbaycan qazının alıcısına çevrilməyə imkan yaradacaq.

Azərbaycan Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqına daxil olan dövlətlərə mavi qaz ixracatını ən çox artıran ölkədir. 2022-ci ilin birinci yarısında Azərbaycan Avropa dövlətlərinə qaz ixracatını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə çatdırıb. 

Azərbaycan enerji ixracatçısı kimi potensialını artırmasında Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalında olan ərazilərimizin – Şərqi Zəngəzur və Qarabağın azad olunması da böyük önəm kəsb edir. Bu gün bir çox beynəlxalq düşüncə mərkəzləri, media qurumları və vətəndaş cəmiyyətinin digər nümayəndələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərində sürətli və modern bərpa-quruculuq, yenidənqurma işlərini heyrətlə izləyirlər. Bu, heç şübhəsiz ki, hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. 

Prezident İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı Sərəncam əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi də işğaldan azad olunan ərazilərimizin potensialından səmərəli istifadə edilməsi ilə bağlı mühüm tələbləri özündə əks etdirir. Bu sənəd dövlətimizin növbəti 5 strateji prioritetlərini müəyyən edib: 

- Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat;

- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Göründüyü kimi Azərbaycan dövləti indiki və gələcək nəsillərin tələbatını ödəmək və onların sağlamlığının təmin olunması məqsədi ilə ekosistemə zərər vurmayan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsini özünün milli prioritetlərindən hesab edir.

İlham Əliyev Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanmasından sonra mətbuat üçün bəyanatında deyib ki, Azərbaycanın bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialı var və Avropa İttifaqı bunu yüksək dəyərləndirir: “Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq.  Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir”.

Avropa İttifaqının regional güc, eyni zamanda köhnə qitənin enerji təhlükəsizliyi baxımından mühüm qaynaq kimi baxdığı Azərbaycanın qlobal miqyaslı təşəbbüsləri, dəstəklənən etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu artırması çox sevindiricidir. Hadisələrin inkişafı göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil.

Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top