Fərid Şəfiyev: “Rusiya Ermənistana təzyiq göstərib”

SİYASƏT 20 iyl 2022, 12:41
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O deyib ki, Ermənistandan Qarabağa artıq hərbi çağırışçılar olmayacaq.

Məsələni Demokrat.az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bunu proqnoz etmək çətindir. O, açıqlamasında bildirib ki, ümumiyyətlə, Ermənistanın öz öhdəliklərini tam yerinə yetirəcəyinə inanmaq sadəlövhlük olardı:

“Ona görə ki, müharibədən sonra dəfələrlə Azərbaycan tərəfi bu məsələni qaldırırdı, yəni üçtərəfli bəyanatın 4-cü maddəsi icra olunmur. Buna baxmayaraq Ermənistan yenə də Azərbaycanın Qarabağ bölgəsinə əsgər göndərirdi və bunu eyni zamanda inkar edirdi. Artıq bunu etiraf edir və bəli, bu müəyyən dərəcədə müsbət gedişatdır. Amma artıq biz görürük ki, bu, prezidentin bəyanatından sonra baş verib və təzyiq altında baş verir. Çox güman ki, burada təkcə Ermənistanın istəyi deyil".

"Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələri prezidentin sözlərindən sonra və həmçinin, bizim Rusiya tərəfi ilə danışıqlarımız olub, məhz Ermənistana da Rusiya tərəfindən təzyiq göstərilib. Ona görə də, onlar belə bəyanat veriblər. Yəni, söhbət Armen Qriqoryanın bəyanatından gedir. Amma fikir versək, bəyanatda deyilir ki, “Dağılıq Qarabağ” öz müdafiə qüvvələri fəaliyyətini davam etdirəcək. Təbii ki, bu ad altında  Ermənistandan və digər ölkələrdən erməni mənşəli şəxslər gedib orada xidmət edə bilərlər. Yəni, Armen Qriqoryanın bəyanatına fikir versək belə bir orada ifadə var. Ona görə bizim hədəfimiz təkcə oradan Ermənistanın hərbi qüvvələrinin çıxarılması yox, ümumiyyətlə, əgər üçtərəfli bəyanata baxsaq orada erməni qüvvələrindən söhbət gedir. Ona görə də, bizim hədəfimiz oradan bütün erməni qruplaşmalarını tamamilə təmzimləmək olmalıdır. Əgər Ermənistandan rəsmən getməyəcəklərsə, bu, müəyyən dərəcədə müsbət bir addımdır, amma hələ ki, son hədəfə bir sıra digər addımlar da qalıb”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top