Vüqar Rəhimzadə: "İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirəcək"

SOSİAL 19 iyl 2022, 17:18
“Azərbaycan uğurlu xarici siyasəti nəticəsində   bütün ölkələrlə, güc mərkəzləri ilə  səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər  qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında  inkişaf etdirilir.  Hazırda  Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin  yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb  kimi qarşıya qoyur.  Qurumun tarixi Zəfərimizdən sonra  bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan  arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin  üç dəfə keçirilən  görüşündən, bir sözlə,  hazırda qurumun vasitəçiliyini  neytrallığı  qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə  enerji  sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır. Avropa İttifaqı hər zaman  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir  və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir.  Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün  böyük potensialın olduğunu vurğulayır.  Bu ilin  iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident  İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki,  Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur.  Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim  Avropa Komissiyası ilə  təmasdadır.  Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura  neft və qaz kimi ənənəvi sahələr, həmçinin  elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.”

Demokrat.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur: “Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir.  Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə  imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin  inkişafı üçün yeni imkanlar açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın  rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq  mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına  işıq salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.”

 YAP Xətai rayon təşkilatının sədri diqqəti iyulun 18-də Azərbaycan  Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları  Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na yönəldərək bildirib ki, tərəflər bu sənədin perspektivlərindən bəhs edərək onun əlaqələrin inkişafına  böyük töhfələr verəcəyinə əminliklərini ifadə edirlər: “Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında  “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın  böyük nailiyyət olduğunu qeyd etmişdir.”           

 Vüqar Rəhimzadə diqqəti Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlara da  yönəldərək imzalanan sənəddə əsas məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olduğunu qeyd edib: “Bu gün qürur hissi ilə  işğaldan azad edilmiş ərazilərimizdə  geniş miqyas alan bərpa-quruculuq işlərindən  bəhs edirik. Həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda   dövlət başçısı İlham Əliyevin Fərmanı ilə   iqtisadi rayonların yeni bölgüsünün aparılmasını, Qarabağ və Şərqi Zəngəzur   iqtisadi rayonlarının yaradılmasını da qeyd etməliyik.  Hər bir rayon özünəməxsus  iqtisadi imkanlara malikdir. Onların potensialından səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki, bunlardan biri  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Qeyd edək ki,  Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Dövlət başçısı bildirir ki,  bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik.”

 YAP Xətai rayon təşkilatının sədri bildirib  ki,  dövlət başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında  əlaqələrin təhlili fonunda bu əminliyi də ifadə edib ki, imzalanan  Memorandum gələcək üçün  yol xəritəsidir. Planlaşdırılan  bütün məsələlər  icra olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa Komissiyasının Prezidenti  Ursula Fon der Lyayen isə  bəyanatında bildirmişdir ki,  Azərbaycan həqiqətən  bizim üçün mühüm enerji tərəfdaşıdır.  İmzalanan  Anlaşma Memorandumu  enerji tərəfdaşlığımızı daha da gücləndirir.  Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə  həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur.

 Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top