Təsərrüfat təyinatlı sahələrdə tikilən evlərin aqibəti necə olacaq ? — AÇIQLAMA

SOSİAL 16 iyul 2022, 13:33
Son zamanlar kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış obyektlərinin tikilməsi ilə bağlı hallar geniş vüsət alıb. Təsərrüfat təyinatlı ərazilərdə uzun zaman əkin-biçin işlərinin aparıldığını görsək də, daha sonra yerində yaşayış evlərinin yavaş-yavaş baş qaldırdığının da şahidi oluruq.
Sözügedən sahələrdə fərdi evlərin inşası məsələsinin nə dərəcədə qanuni olması isə sual altındadır.


Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. Ekspertin sözlərinə görə, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək qadağandır:

“Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış evlərinin tikilməsi qəti şəkildə qadağandır və qanunvericiliyə ziddir. Birmənalı olaraq, İnzibati Xətalar Məcəlləsinin bununla bağlı 247-ci maddəsi var. “Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məsələlər üçün istifadə edilməsi” adlanır və 2 bənddən ibarətdir. Birinci bənd odur ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. İkinci bəndində isə deyilir ki, bu xəta kənd təsərrüfatlı təyinatı torpaqlara münasibətinə törədilməsinə görə, fiziki vətəndaşlar 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. Kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə edilmir və onun üstündə ev tikmək olmaz. Buna görə də, cərimələnirlər, yəni orada kənd təsərrüfatı ilə məşğul olmalıdırlar. Qeyd edim ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yalnız təyinatı üzrə, yəni əkin-biçin və digər bu kimi işlərin həyata keçirilməsinə icazə verilir. Hər bir torpaq sahəsinin üzərində yalnız onun təyinatına uyğun olaraq tikinti həyata keçirilməsinə icazə verilir”.

Ekspert qeyd edib ki, böyük əksər hallarda vətəndaşlar bu evləri icazəsiz tikir:

“Əgər icazə olubsa və həmin evlər söküləcəksə, vətəndaşlar dövlətdən kompensasiya
tələb edə bilərlər. Yəni, əgər icazə olubsa və sənədlər varsa bu o halda mümkündür. Böyük ehtimalla ki, əksər hallarda belə deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top