Təhlükəli intihar təbliğatı

SOSİAL 15 iyl 2022, 00:03
“Mauqli” ləqəbli qazi Elvin Cəfərovun intihar etməsi olduqca ağır hadisədir. Və kimliyindən, tutduğu məqamdan asılı olmayaraq, hamını ağrıdan, narahat edən faciədir. Yaşanan bu arzuolunmaz olayla bağlı çoxlu suallar açıq qalıb. Qazinin intiharının səbəbləri ilə əlaqədar  araşdırmanın nəticələri sözsüz ki, qaranlıq mətləblərin üzə çıxmasına gətirib çıxaracaq. Şübhə yoxdur ki, bu nəticəyə uyğun da cəza tədbirlərinin şahidi olacağıq. İndiki həssas məqamda isə maksimum səbrli davranmaq, nəticəni gözləmək, qızışdırıcı metodlardan çəkinmək lazımdır. Amma nəyin şahidi oluruq.

Bir qrup sanki bu qəbildən olan hadisələrin daha geniş vüsət alması üçün hərəkətə keçib. Bilərəkdən, ya bilməyərəkdən müharibənin ağrısı-açısı canından cıxmayan, yaşadığı dəhşətlər gözünün önündən getməyən digər gənc qazilərin də bu yola əl atması yönündə fəaliyyət sərgilənir və nə qədər acı mənzərə olsa da, faktiki intiharın təbliğini aparırlar. Bu azmış kimi qaziləri intihar etməməyə çağıran şəxslər dərhal sosial şəbəkələrdə təhqir olunur.

Belə yolu tutanlar nə etdiklərinin fərqindədirlərmi? 

Qazilərin intiharı problemdən çıxış yoludurmu? Elvin Cəfərovun intihardan öncə söhbətləşdiyi şəxslər fəqrli yol tutsaydı, bəlkə də o, intihar etməzdi. İntihar edəcəyini deyən şəxsi qızışdırmaq özü cinayət deyilmi? Təsadüfi deyil ki, Elvinin qardaşı da müsahibəsində “onu həmin vaxt kimsə dayandırsaydı, mən sakitləşdirərdim”,- deyə vurğulayıb.
Başqa bir qrup isə son hadisəni hakimiyyətə qarşı siyasi mübarizə alətinə çevirənlərdir. Tükənmiş siyasi müxalifət vəziyyəti maksimum qabartmaq və hakimiyyəti bu metodla nüfuzdan salmaq xətti götürüb. Bir sıra hallarda ölkə rəhbərliyi belə hədəf götürülür. Dövlət rəhbərinin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə ən yüksək münasibəti bəllidir. Ortaya siyasi iradə qoyulub və illərdir ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi üçün genişmiqyaslı tədbirlər icra edilir.

Bütün bunları görməzdən gəlib, qazilərə münasibətdə hansısa məmurun yetərsiz  davranışlarını qabardıb, bütün görülən işləri qaralamaq, bəzi hallarda ölkə rəhbərini belə hədəfə çevirmək nə dərəcədə düzgün yanaşmadır? Ola bilsin ki, qazinin qayğıları məmurlar tərəfindən yetərincə dinlənilməyib, lazım  olan  kömək edilməyib. Və ya əksinə. Hər halda nəticəni gözləmədən məsələni siyasiləşdirmək çirkin niyyətlərə xidmət edir.

Vətəndaşlarımız, xüsusilə qazilərimiz ayıq - sayıq olmalıdır. Hamı belə intihar hadisəsinin bütövlükdə dövlətimiz üçün nə qədər ağır zərbə olduğunu anlamalıdır. Digər ölkələrdə müharibədən sonra qazilərlə bağlı yaşanan durumla bağlı misallar çəkmək də, müxtəlif izahlar vermək də və analogiya aparıb bunun bir mərhələ olduğunu qeyd etmək də mümkündür. Bütün hallarda bu həssas dönəmi ağır faciələr yaşamadan, birgə adlamaq üçün hamımız dövlətin yanında dayanmalıyıq.

Əməkdar jurnalist 
Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top