Servis haqqı, yoxsa “çay pulu”?!

SOSİAL 13 iyl 2022, 15:13
Hansısa restoranda, kafedə oturduqdan sonra ofisianta “çay pulu” vermək kimi “adət”imiz var. Düşünürük ki, ofisiantın bizə göstərdiyi xidmətin müqabilində biz də ona jest etməsək ayıb olar. Hətta bu adət o qədər geniş vüsət alıb ki, artıq restoranlar da bunu “rəsmi”ləşdiriblər. Kafe və restoranların bir çoxunda “servis haqqı” deyə bir anlayış var. Bunun qiyməti isə nə az, nə çox 5, 10, 15, 20 faiz arası dəyişir.“Servis haqqı” adı ilə müştəridən pul tələb etmək qanunidirmi? Müştərilər bu məbləği ödəməyə məcburdurlarmı? 

Hüquqşunas Rəşad Əliyev Demokrat.az-a müsahibəsində bildirdi ki, mütləq, qanunvericiliyin tələbinə görə müştəri bu barədə əvvəldən məlumatlandırılmalıdır:

“Adətən müştəri ofisiantın xidmətindən razı qaldığı hallarda ona əlavə bəxşiş verir. Ancaq qanunvericiliyin tələbinə görə bu barədə müştəri mütləq qaydada əvvəlcədən xəbərdar edilməlidir, yəni ictimai iaşə obyektinin, restoranın menyusu olmalıdır, həmin menyuda müştərinin sifariş edəcəyi məhsulun keyfiyyəti, tərkibi və sair məlumatlar olmaqla yanaşı, həmdə əlavə servis haqqının tutulacağı ilə bağlı menyuda bir qeyd olmalıdır və müştəri bundan xəbərdar olduqdan sonra əgər bunu qəbul edirsə, könüllü olaraq servis haqqını ödəməyi üzərinə götürürsə, burada heç bir problem yoxdu.”



Fransada 1955-ci ildə “servis haqqı”nın hesaba daxil edilməsinə icazə verən qanun qəbul edilib. Bizdə belə bir qanun yoxdur. “Çay pulu” məsələsində isə ölkələr arasında fərqliliklər var. Məsələn, bizdə və bir çox Avropa ölkələrində təqdim olunan hesabın 5-10 %-i qədər, ABŞ-da isə 15-25 %-i qədər “çay pulu” vermək ənənəsi var. Çin, Yaponiya, Koreya kimi ölkələrdə “çay pulu” ənənəsi çox yayılmayıb. Hətta restoran və ya kafedən masada “çay pulu” saxlayıb çıxsanız, ofisiant pulunuzu masada unutduğunuzu düşünər və arxanızca qaçıb o pulu qaytara bilər. ABŞ-ın isə bəzi ştatlarında belə qanun var ki, restoran sahibi işçilərinə çox aşağı məvacib verə bilər. Çünki orda “çay pulu” ənənəsi geniş yayılıb və dövlət hesab edir ki, insanlar bununla dolana bilər. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top