Diaspora Komitəsinin 20 ili... — Görülən işlər danılmazdır

DİASPOR 05 iyl 2022, 23:11
Azərbaycanda diaspor quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda düzənlənən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. Bundan sonra 5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fond geridə qalan illər ərzində 200-ə qədər diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə, eləcə də qeydiyyatdan keçməsinə dəstək verib. Həmçinin, fond tərəfindən paralel olaraq 100-dən çox layihəni maliyyələşdirilib.

Azərbaycan diasporunun əsas planlarından biri kimi ötən il qəbul olunmuş Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməkdədir.

Bundan əlavə, Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkili məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib.

Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi naminə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb.

2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub.

Görülən işlərin bəhrəsi kimi Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılmasını qeyd etmək olar. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərməkdədir. "COVID-19" pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən məlum hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan Evlərinə üz tutmuşlar. 

Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirməkdədir. Hazırda Böyük Britaniya, Kanada, İsveçrə, İsveç, Polşa kimi ölkələrin paytaxtlarında, həmçinin Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil almaqda davam edir.

Eyni zamanda, 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.

"COVID-19" pandemiyası zamanı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə qədər zəng, Azərbaycan Evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə qədər müraciət daxil olub. 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib.

Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyaların təşkili:  “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində, 2020-ci ilin “Tovuz hadisələri”  Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib.

Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top