Rusiya Özbəkistana niyə öz təsir rıçaqlarını göstərir? — ŞƏRH

GÜNDƏM 05 iyl 2022, 13:26
“Özbəkistan məsələsi düşünürəm ki, birmənalı deyil. Burada bir neçə fator var. Birinci fakt odur ki, orada qaraqalpaqlıların çox geniş muxtariyyət hüququ vardı. Hansı ki, bu hüquqa görə onlar istənilən vaxt ayrıla və başqa dövlətin tərkibində qala bilərdirlər. İndi onların əlindən bu hüququn alınması istənilən halda iğtişaşlara səbəb olub”. 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Politoloq qeyd edib ki, burada mərkəzi hakimiyyətin ehtiyatsızlığı da var.

“Kənar qüvvələrin buna təsirinə gəldikdə isə əlbəttə, burada Rusiyanın böyük təsiri olduğu ehtimallar edilir. Rusiya bu il mayın əvvəllərində Özbəkistanı KTMT-yə dəvət etdi. Bundan əvvəl xatırlayırsınızsa, Qazaxıstan  hadisələri dövründə Belarus prezidenti Lukaşenko da Özbəkistanı KTMT-yə dəvət etmişdi. Biz hamımız Lukaşenkonu həm də Putinin sözçüsü kimi tanıyırıq. Aydın məsələdir ki, burada da mesaj Özbəkistana qatılmaq idi. Özbəkistan bunu əvəzinə neylədi? Özbəkistan Türkiyə ilə birgə hərbi təlimlər keçirdi, Türkiyə ilə hərbi mütəffiqlik müqaviləsi imzaladı, daha sonra Azərbaycanla birlikdə iqtisadi, siyasi hərbi yaxınlaşma həyata keçirdi. Aydın məsələdir ki, Özbəkistan bu seçimdə məhz Rusiyanın yaratdığı ittifaqdan daha çox türk ittifaqına meyl eləməyə çalışdı”. 



T.Rzayev qeyd edib ki, Özbəkistanda Rusiyanın çox güclü dayağı var: 

“Ona görə mən Özbəkistanın Rusiya ilə qarşı-qarşıya gələcəyini düşünmürəm. Amma, Özbəkistan özünə manevr üçün imkan yaratdı. Yəni, Azərbaycan üzərində Türkiyə ilə birlikdə Rusiyaya qarşı qoyacağı bir manevr imkanı yaratdı. Düşünürəm ki, məhz bu məsələyə görə qaraqalpaq məsələsində Özbəkistanın ərazi bütövlüyündən təhdidedici şəkildə Rusiya istifadə etməyə qərar verib. Necə ki, Azərbaycana qarşı Qarabağ, Gürcüstana qarşı Abxazisiya, Osetiya, Ukraynaya qarşı Krım, Moldovaya qarşı Dnestryanı kimi bu cür təhlükəli, problemlər zonalar yaradır və öz təsiri altında saxlamaq istəyir. Özbəkistana qarşı da qaraqalpaq rıçağını istifadə edir. Amma, indiki dövrdə bunun Rusiyanın həddən çox qaşıyacağını düşünmürəm”.

“Çünki Rusiya bunu həddən çox qaşısa, açıq şəkildə Özbəkistanı qarşısına almış olar və bundan sonra düşünürəm ki, artıq Özbəkistanı itirə bilər. Rusiya indiki halda bir cəbhədə mübarizə aparır, ikinci cəbhədə bunun gücləndirilməsi Rusiyanın demək olar ki, həddən çox resurslarının itkisinə və Rusiyanın zəifləməsinə gətirib çıxara bilər. Ona görə düşünürəm ki, Rusiya bunu təmkinlə, sakit şəkildə Özbəkistan problemini həll etməyə çalışacaq. Özbəkistana sadəcə öz təsir rıçaqlarını, öz gücünü göstərdi və bununla qarşılıqlıq yaradacağını göstərdi. Əlbəttə ki, Özbəkistan burada çox önəmli faktordur. Çünki Özbəkistan Şərq-Qərb yolu üzərindən Çindən başlayıb Britaniya qədər uzanacaq bu yol üzərində çox önəmli mövqedə yerləşir. Özbəkistan olmadan bu yolun effektli çalışması mümkün deyil. Buna görə düşünürəm ki, Rusiya məhz Türkiyə-Azərbaycan-Türkmənistan-Özbəkistan xəttinin formalaşmasına icazə vermək istəmir. Bunun üçün Özbəkistan üzərində xüsusi təzyiq formalaşdırır”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top