“Ermənistan bu cür siyasi fikirlərlə Azərbaycan torpaqlarına iddialı olduğunu nümayiş etdirir” — ŞƏRH

GÜNDƏM 01 iyl 2022, 16:18
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan hakimiyyəti Laçın, Zabux və Sos əhalisinin probleminin həlli üçün “qarabağ hökuməti” ilə işləyəcək. O qeyd edib ki, bütün bu məsələlərin həllinin tapılması istiqamətində Qarabağdakı tərəfdaşları ilə müzakirə edir.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Laçın dəhlizinə alternativ  marşurutun Azərbaycan hökuməti tərəfindən çəkilməsi reallaşır. Politoloq qeyd edib ki, bu proses Ermənistan tərəfindən böyük narahatlıqla qarşılaşır:

“Uzunmüddətdir ki, sosial şəbəkələrin erməni seqmentində də bu məsələlər müzakirə olunur. Lakin Laçın, Zabux və Sos əhalisinin probleminin həlli üçün yol xəritəsi də təklif olunub. Maraqlıdır ki, siyasi danışıqlar prosesində iştirak edən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenidən təxribatçı fikirlərə yer verir. Sanki Azərbaycanda olan qondarma qurumu müstəqil subyekt kimi təqdim etməyə çalışır.



Danışıqlar prosesində iştirak edən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipal mövqeyi yaxşı bilən Armen Qriqoryan bu cür ifadələrə yol verməklə, danışıqlar prosesinə mənfi təsir göstərir, siyasi proseslərə kölgə salır. Və nə qədər də bu açıqlamalar daxili auditoriyaya yönəlsə də, düşünürəm ki, tamamilə yolverilməzdir. Qeyd edim ki, həmin adı çəkilən kəndlərdə yaşayan ermənilər müharibədən sonra Suriyadan, Livandan gələn şəxslərdir, onlar ora zorla köçürülüblər. Müxtəlif imtiyazlar və sosial proqramlar vədi ilə bu ərazilərə məskunlaşıblar. Hazırda isə həmin əraziləri tərk etmək vaxtıdır. Çünki həmin bəyanatın hüquqi tərəflərinə uyğun olaraq Laçın şəhərinin mərkəzi azad olunmalıdır”. 

İ.Hüseynov vurğulayıb ki, Azərbaycanda bu istiqamətdə əməli taktiki addım atır və bu, Ermənistan siyasi seqmentində artıq aksiomaya çevrilməlidir:

“Artıq “Qarabağ hökuməti” adlandıırlan bir məfhum yoxdur. Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati vahid də yoxdur. Separatizmin sona çatdırılması üçün Azərbaycan bütün səylərini gücləndirir. Ermənistan  hələ də bu cür siyasi fikirlərə yol verməklə, Azərbaycan torpaqlarına iddialı olduğunu nümayiş etdrir. Bütün bu siyasi bəyanatların qarşısını mütləq şəkildə almaq lazımdır. Çünki bu cür məsuliyyətsiz bəyanatlar sonda Ermənistan üçün faciəvi sonluqla nəticələnə bilər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top