“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

GÜNDƏM 29 iyn 2022, 15:13
Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyada  Azərbaycan Prezidenti İlham Əliyev videoformatda dərin məzmunlu çıxış etdi.  

Cənab Prezidentin qeyd etdiyi kimi, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. 

Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı zamanı Ermənistanın işğalçılıq siyasəti nticəsində 30 ilə yaxın dövrdə həmin ərazilərin tamamilə dağıdıldığını diqqətə çatdırıb. Dövlətmizin başçısı vurğulayıb: “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib”. Cənab Prezidentin qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, kəndlər salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda, Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır.

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top