Defolt Rusiyanı çökdürəcəkmi? — RƏYLƏR

GÜNDƏM 28 iyn 2022, 12:50
Xəbər verdiyimiz kimi, Rusiya xarici borc öhdəlikləri üzrə ödənişlərini həyata keçirə bilməyərək defolt olub.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın defoltu formal xarakter daşıyır. Ekspert qeyd edib ki, Rusiya sanksiyalara görə ödəniş edə bilməyib:



“Defolt əslində vəsaitin olmadığına görə ödənişlər gecikdirilən zaman baş verir, amma indi Rusiyanın vəsaiti var. Yəni, sadəcə Rusiya sanksiyalara görə ödəyə bilmir və onun texniki defolt olmağının əsas səbəbi bundan ibarətdir. Texniki defolt olan ölkələrdə əsas məsələ odur ki, onlara kreditlər ayrılmır. Beynəlxalq maliyyə institutları onlarla işləmirlər. Amma Rusiya indi elə bir durumdadır ki, onsuz da beynəlxalq institutlar, beynəlxalq banklar Rusiya ilə maliyyə, kredit əlaqələrini kəsiblər. Ona görə də, elə bir ciddi təsirin olacağını düşünmürəm. Sadəcə Rusiyaya növbəti imic zərbəsidir. Amma, Rusiyada artıq necə deyərlər öyrəşib buna. Bu qədər sanksiyalardan sonra texniki defolt olmağının da elə bir ciddi əhəmiyyəti yoxdur”.

Siyasi-şərhçi Şahin Cəfərli isə deyib ki, əslində buna süni şəkildə defolt etdirildi demək daha doğrudur:



“Çünki Rusiyanın pulu var, sadəcə olaraq Qərb maliyyə sistemindən təcrid edildiyi üçün xarici valyutada ödəniş həyata keçirə bilmir. Defolt o deməkdir ki, həmin ölkənin borc cəlb etmək imkanları məhdudlaşır və ya qeyri-mümkün hala gəlir, kredit reytinqləri kəskin aşağı düşür və bütün bunlar ümumi iqtisadi inkişafa neqativ təsir göstərir. Rusiya ilə bağlı bütün bu hallar artıq mövcuddur, bu səbəbdən defolt elan olunmaq dərhal hansısa radikal dəyişiklik yarada bilməz. Amma borc sahiblərinin hüququ var ki, pullarını almaq üçün məhkəmələrə müraciət edib, dünyanın müxtəlif yerlərində Rusiya dövlətinə məxsus əmlaka həbs qoydursunlar. Ümumilikdə isə bu fakt ölkənin etibarlı maliyyə-kredit və ticarət tərəfdaşı kimi reputasiyasına vurulmuş növbəti zərbədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top