İlham İsmayılov: “İlham Əliyevin Özbəkistanda möhtəşəm qarşılanmasının səbəblərindən biri də...”

GÜNDƏM 24 iyn 2022, 12:42
Azərbaycan Prezidenti İlham Əliyevin dost, qardaş ölkə olan Özbəkistana dövlət səfəri başa çatsa da, səfərin tarixi əhəmiyyəti, imzalanmış mühüm sənədlərin vacibliyi mövzunun aktuallığını saxlamaqdadır. Doğrudur, Azərbaycan Özbəkistanla Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və bir çox başqa beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq edir. Lakin bu səfərdə Azərbaycan prezidentinin səmimi və çox isti  münasibətlə qarşılanması, həm də, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin də qeyd etdiyi kimi tarixi, milli soykökə bağlılıqla əlaqdardır. Bundan sonra isə bu münasibətləri Azərbaycanla tamamilə yeni müstəvidə, yeni səviyyədə qurmağı hədəflədiklərini bildirən Özbəkistan prezidenti keçmişlə gələcək arasında körpu qurur, bizə bu münasibətlərdə ümid, inam və sağlam müttəfiqlik vəd edir. 

Bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin  (ATXƏM) sədri İlham İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan prezidentinin Özbəkstan səfərində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və möhtəşəm parkın açılışı göstərir ki, Özbəkistan Azərbaycanla əlaqələrində soykökə bağlılıq, tarixi bağların qorunub saxlanması və dərinləşməsində olduqca maraqlı ölkədir. Özbəkistan ümummili lider Heydər Əliyevə göstərdiyi bu ehtiramla həm onun tarixi qiymətini vermiş oldu, həm də bundan sonra da strateji əlaqələrimizdə Ulu Öndərin 25 il əvvəl iki qardaş ölkə arasında qoymuş olduğu birgə əməkdaşlıq strategiyasına sadiqliyini bir daha nümayiş etdirdi.

İlham İsmayılov səfər zamanı iki ölkə arasında 20-dək sənədin imzalanmasını və sənədlərin əhəmiyyətinə toxunaraq, bildirib ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin qəbul olunması ölkələrimiz üçün olduqca vacib bir məsələdir: “Bu sənədlərin bir çoxunu əhatə edən məsələlər yalnız Azərbaycan-Özbəkistan deyil, eləcə də demək olar ki, loqistika baxımından Cənubi Qafqazla Orta Asiya regionunu əlaqələndirmək baxımından da əhəmiyyətlidir. Bu gün regionda Rusiya-Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda qarşılıqlı komunnikativ əlaqələri, birgə əməkdaşlığı təşviq edən bu cür əməkdaşlıq sənədlərinin imzalanması həm də bütün dünya üçün bir mesaj olmalıdır. Çünki regionda, eləcə də post-sovet məkanında müharibənin yaratmış olduğu diskomfort mühit, aclıq böhranının yaxınlaması ilə müşahidə olunan bir zamanda ölkələr arasında belə əlaqələrin qurulması bir örnəkdir, nümunədir. Biz bu səfərin əhəmiyyətini qeyd edəndə, həm də bunu göz önünə gətirməliyik”.

ATXƏM sədri Özbəkstanla bağlanmış sənədlərin içində hərbi və hərbi-texniki sahədə birgə əməkdaşlıqla bağlı məsələnin olmasına xüsusi əhəmiyyət verdiyini deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə həm regiona, həm də Türk dünyasına yeni reallıqlar, yeni imkanlar qazandırıb. Azərbaycanın qələbəsi dost, qardaş ölkələrdə inamla və fəxarətlə qarşılanır. İlham Əliyevin Özbəkstanda möhtəşəm qarşılanmasının səbəblərindən biri də məhz onun müzəffər və qalib dövlət başçısı olmasıdır. Əvvala, onu deyim ki, Özbəkistan Qarabağ məsələsində bütün dövrlərdə Azərbaycanı bir mənalı dəstəkliyən ölkə olub. Hətta, Ermənistanla heç bir zaman diplomatik əlaqə qurmayıb. Ona görə də, bizim qələbəmiz onlar üçün də əsl qələbədir. Bu qələbə demək olar ki, bütün Türk xalqlarına yeni bir ruh gətirib. Ötən il Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi ittifaqı və birliyi digər Türk dövlətləri üçün də bir nümunədir. Bu gün biz hərbi sənayemizi, ordu quruculuğumuzu Türkiyə ilə birlikdə müasir səviyyədə, güclü bir şəkildə qurmuşuq. Bu addım bütün türk dövlətləri üçün bir örnək olmalıdır və olmaqdadır. Odur ki, Özbəkistanla bu cür hərbi, hərbi-texniki əməkdaşlıq Türk Birliyinin mövcudluğu üçün olduqca vacib addımdır. Bu cür əlaqələrin, hərbi əməkdaşlıqların sonunda bütün Türk dövlətlərini birləşdirən hərbi alyansın yaradılması da gündəmə gələ bilər”.

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top