Deputat: “İndi kimsə meyvəni 5 manata satırsa normaldır, 10 manata satırsa anormal?”

GÜNDƏM 23 iyn 2022, 17:27
“Paytaxtda mövsüm meyvələrinin qiyməti çox bahadır və təbii ki, bu qiymətlər heç kəsi qane etmir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, bu cür bahalığın qarşısını almaq üçün logistik sistem düzgün qurulmalıdır:

“Hesab edirəm ki, meyvələrin rayonlardan bura gətirilməsi məsələsində daha ciddi işlər görmək lazımdır. Ümumiyyətlə, inflyasiyanın, qiymətlərin qalxmasını bolluqda görürəm. Yəni, bolluq olduqda qiymət qalxmayacaq. Tələb-təklif qanunu var, Azərbaycanda da işlək qanundur. İşləyir ki, bax belə kazuslar yaranır. Mənim fikrim ondan ibarətdir ki, bizim üçün ən maraqlı, vacib və taleyüklü məsələ odur ki, daxildə istehsalı, o cümlədən kənd təsərrüfatını, kiçik-orta sahibkarlığı daha böyük sürətlə inkişaf etdirək və bunun hesabına daha da böyük bolluq yaransın. Yəni, bütün bu inflyasiya xaricdən gəlir, hamısı idxalla gələn proseslərdir”.
 
Deputat ölkədə logistik zəncirin düzgün qurulmadığını da vurğulayıb:

“Həmçinin, bu zəncir ölkəmizdə tam axıra qədər normal qurulmur. Baxmayaraq ki, Azərbaycanda “Aqrar tədarük və təchizat” agentliyi var. Çalışır, işləyir, yarmarkalar keçirir. Təbii ki,  bu yarmarkaların da sayını artırmaq lazımdır. İnsanların onlarla işini daha mükəmməl formada etmək lazımdır, çünki onlar professionaldırlar və işini bilirlər. Mən Lənkəran rayonunda fermerlərlə iki görüş keçirmişəm. Onları dəvət etmişəm və bütün məsələlərə aydınlıq gətirmişik”.

Millət vəkili bazarlarda “od tutub yanan” meyvə qiymətləri barədə də danışıb:

“Təbii ki, paytaxt bazarlarından meyvə alıram və qiymətlərdən də xəbərdaram. Baxmayaraq ki, mövsüm meyvələridir, haradasa 7-8 manatdan başlayaraq 12-15 manata qədərdir. Yəni, bu, bazar iqtisadiyyatıdır. Mən həmişə  belə düşünmüşəm ki, gərək tələb-təklif qanununu və rəqabət qanununu kifayət qədər gücləndirmək lazımdır. Onda da heç kimə işbaz demək olmaz. Əgər kimsə meyvəni 3 manata alıb 5 manata satırsa normaldır, 10 manata satırsa anormal? Bu, bazar iqtisadiyyatıdır. Biz nə qədər çox müdaxilə eləsək, bunu həmişə demişəm, deyirəm. Nə qədər çox məmurlar müdaxilə eləsələr qiymət formalaşan mexanizminə, bir o qədər də çox korrupsion sxemlər yaranacaq. Ona görə, gərək bazar iqtisadiyyatına dövlət nəzarət etməlidir. Xüsusi ərzaq qidaları var, indi sayı ola bilsin 50-60-70 olsun, yəni ona iqtisadi dildə istehlak səbəti deyirlər, ona dövlət gərək nəzarət etsin. Biz hər bir xırda məsələyə görə başlasaq bazar iqtisadiyyatı mexanizminin qarışmağına, o, birmənalı gətirib rüşvətxorluğa, korrupsiyaya və qanun pozuntularına çıxardacaq. Bu, mənim şəxsən alim kimi fikrimdir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top