Ekspertlər: “Özbəkistan - Azərbaycan münasibətlərində bu prioritetlər üstünlük təşkil edəcək”

GÜNDƏM 22 iyn 2022, 15:08
Prezident İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfəri edib.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, həmçinin iki ölkə arasında əlaqələrin gələcək inkişafını müəyyən edən bir sıra mühüm sənədlərin imzalanması baş tutub.

Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müdiri Uluqbek Həsənov Trend-ə bildirib ki, kifayət qədər mürəkkəb müasir beynəlxalq münasibətlər ölkələr və bütöv regionlar qarşısında milli iqtisadiyyatların davamlı modellərinin yaradılması məsələlərini qaldırır, Daşkənd şəhərində keçirilən hazırkı Azərbaycan-Özbəkistan sammiti isə bunun təsdiqidir.

"İki ölkə arasında yüksək səviyyəli görüş Azərbaycanın əsas rol oynadığı Cənubi Qafqaz və Özbəkistanın analoji mövqedə olduğu Mərkəzi Asiya dövlətlərinin regional iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiya səviyyəsini göstərdi ki, bu da onların qlobal logistika əlaqələrində strateji iştirakını təsdiqləyir. Bu, şübhəsiz ki, ikitərəfli dialoqun mərkəzi mövzularından biri olub", - deyə o bildirib.

U.Həsənov qeyd edib ki, bir çox ekspertlərin fikrincə, iki ölkənin geoiqtisadi üstünlüyünün məhz bu cəhəti bu gün regional və qlobal təchizat zəncirlərinin sabitliyini qoruyub saxlamaq üçün alternativ imkanları müəyyən edir. Məhz onların Cənubi Qafqazda, Mərkəzi və Cənubi Asiyadakı logistika potensialı İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan, Özbəkistan və Qırğızıstan limanları vasitəsilə Çinin Sakit okean limanlarından Avropaya, Fars körfəzi dövlətlərinə, həmçinin Pakistan və Hindistana yüklərin tranzit daşınması ilə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini, Həştərxan və Olya limanları vasitəsilə Avropa ölkələrini və Rusiyanın şimal-qərbini birləşdirir.

"Beynəlxalq nəqliyyat marşrutları hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə Şimali, Qərbi, Mərkəzi və Cənubi Avropa ilə Qafqaz, Cənubi Qafqaz, Qara dəniz və Xəzəryanı regionlar, Yaxın Şərq, Mərkəzi Asiya və Şimal-Şərqi Asiya regionu da daxil olmaqla Asiya-Sakit Okean regionun bir hissəsinin ölkələri arasında birbaşa əlaqəni təmin edir. Həm hazırkı Avropa, həm də Çin strateji baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bütövlükdə ümumavrasiya nəqliyyat şəbəkəsinin inkişafında və Böyük İpək Yolunun dirçəldilməsi proqramında iştirakında maraqlıdırlar" , - U.Həsənov deyib.

Onun sözlərinə görə, bir çox Türkiyə şirkətləri Avrasiya nəqliyyat yük marşrutlarına qoşulmaqda maraqlı olduqları üçün Ələt-Qazıməmməd avtomobil yolunun 44 kilometrlik hissəsinin, eləcə də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə daxil Azərbaycan dəmir yollarınınbəzi sahələrinin rekonstruksiyasını həyata keçirib.

"Azərbaycan hələ 90-cı illərdə Qars-Axalkalaki-Tbilisi-Bakı xəttində ən qısa dəmir yolu xəttinin inşası üçün Gürcüstan və Türkiyə ilə birlikdə nəqliyyat layihəsinin həyata keçirilməsində real addımlar atmışdı. Yeni şəraitdə Azərbaycan şimal-şərqdə Kiçik Qafqazı və cənub-qərbdə Anadolu dağlarını birləşdirən nəqliyyat dəhlizini inkişaf etdirir. Söhbət Azərbaycanı Ermənistan vasitəsilə Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizindən gedir ki, bu da Azərbaycan diplomatiyasının təklif etdiyi bu cür layihələrin biznes potensialını bir daha sübut edir", - deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, öz növbəsində Özbəkistan, Qırğızıstan və Çin Fərqanə vadisini Çinin qərb əyalətləri ilə birləşdirən yolun tikintisi üzrə birgə layihənin həyata keçirilməsi üzərində işləyirlər. Dörd alternativ qolla Daşkənd - Əndican - Oş - İrkeştam - Kaşqar şəhərlərindən keçən bu nəqliyyat marşrutu Özbəkistan, Qırğızıstan və Çinin nəqliyyat dəmir yolu kommunikasiyalarını birləşdirməklə yanaşı, Böyük İpək Yolu layihəsinin əsas seqmentinə çevriləcək.

"Bu dəmiryol marşrutu Çindən Avropaya və Yaxın Şərqə gedən ən qısa yoldur. Bu dəmir yolunun istifadəyə verilməsi ilə mövcud marşrutlarla müqayisədə məsafə 900 km, yüklərin çatdırılma müddəti isə 7-8 gün qısalacaq. 17 iyul 2019-cu ildə Sian-Bişkek birbaşa yük dəmir yolu marşrutunu istifadəyə verən Çin, bu layihənin həyata keçirilməsində fəal iştirak edir. Özbəkistanın regional qovşaqlarının açılması artıq trans-Əfqanıstan dəhlizinin böyük əhəmiyyət kəsb etdiyi beynəlxalq daşımaların yeni modellərinin inkişafına ciddi düzəlişlər edir", - deyə ekspert bildirib.

O vurğulayıb ki, qarşıdakı uzun illər ərzində Özbəkistanla Azərbaycan arasında ikitərəfli münasibətlərdə regional və qlobal gündəmin məhz prioritetləri üstünlük təşkil edəcək.

Öz növbəsində, “İnkişaf Strategiyası” Mərkəzinin direktoru Eldor Tulyakov, bildirib ki, Özbəkistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq 30 ildən artıqdır ki, dinamik şəkildə inkişaf edir.

"İki ölkə prezidentləri arasında sıx dialoq və qarşılıqlı anlaşma sayəsində yüksək strateji əməkdaşlıq səviyyəsi əldə olunub. Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 7 dəfə, 2016-cı ildəki 17,1 milyon dollardan 2021-ci ildə 118,9 milyon dollaradək artıb. Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Özbəkistan və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 118,9 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 42 faiz çoxdur. Eyni zamanda, 2022-ci ilin yanvar-may aylarında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 66,4 milyon dollar təşkil edərək 2021-ci ilin eyni dövrü ilə müqayisədə 49,1 faiz artıb. Qeyd edək ki, Azərbaycan Özbəkistanın müsbət ticarət saldosuna malik olduğu azsaylı ölkələrdən biridir. 2021-ci ildə Azərbaycanla bu göstərici 33 milyon dollar təşkil edib", - deyə ekspert bildirib.

Bundan əlavə, o qeyd edib ki, Azərbaycan Türkiyəyə və digər Avropa ölkələrinə (dəmir yolu və avtomobil yolu) əsas nəqliyyat marşrutlarının keçdiyi mühüm ölkədir, və bu, dünya miqyasında mövcud vəziyyət nəzərə alınmaqda daha da genişləndirilməlidir.

"Məsələn, artıq Özbəkistanın qərb istiqamətində xarici ticarət marşrutu olan Daşkənd - Kunqrad - Beyneu - Aktau - Bakı - Tbilisi - Poti - Avropa ölkələri dəmiryol dəhlizi fəaliyyət göstərir. O cümlədən AH5 (Beynəlxalq Asiya Şəbəkəsi) Çin – Qazaxıstan – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan və E60 (Avropa istiqaməti) Fransa – İsveçrə – Avstriya – Almaniya – Macarıstan – Rumıniya- Gürcüstan - Azərbaycan - Türkmənistan - Özbəkistan - Tacikistan - Qırğızıstan - Çin avtomobil nəqliyyat dəhlizi də işə salınıb. Eyni zamanda Özbəkistan və onun Qərb istiqamətində tərəfdaşları olan Türkiyə, Azərbaycan, Gürcüstan və digərləri Çin, Orta Asiya ölkələri, Xəzər dənizi, Qafqaz, Türkiyə və Avropa ölkələrinin ərazilərindən keçən Asiya-Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa multimodal nəqliyyat dəhlizinin təşviqində maraqlıdırlar", - E.Tulyakov deyib.

O qeyd edib ki, ekspertlərin qiymətləndirməsinə əsasən, bu nəqliyyat dəhlizinin reallaşdırılması Mərkəzi Asiya ölkələrindən yüklərin daşınma müddətini 3 dəfə azaldır.

"Bundan əlavə, Özbəkistan və Azərbaycan ərazisindən keçən bu multimodal nəqliyyat dəhlizinin reallaşdırılması ölkələrimizə xarici ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək, həmçinin Özbəkistan və Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıra bilər. Özbəkistanın timsalında tranzit yükdaşımaların həcmi indiki təqribən 10 milyon tondan 2030-cu ildə 23 milyon tona yüksələ bilər", - deyə E.Tulyakov bildirib.

Onun sözlərinə görə, xüsusilə hazırkı böhran və ərzaq təhlükəsizliyinə təhdidlər şəraitində Mərkəzi Asiyanı Xəzər dənizi, Qafqaz vasitəsilə Şərq və Qərblə birləşdirən nəqliyyat marşrutlarının şaxələndirilməsi daha da aktuallaşır.

E.Tulyakov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana bu səfəri iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına yeni təkan verəcək, sıx dialoqun təşviqi imkanlarını genişləndirəcək.

"Ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin və infrastrukturun inkişafı, eləcə də sənaye və tranzit əməkdaşlığının genişləndirilməsi ən aktual məsələyə çevrilir", - deyə o yekunlaşdırıb.(trend.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top