Sahil Babayevin yanlışını tirajlayanlar nəyə xidmət edir?

TƏHLİL 22 iyn 2022, 14:45
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev haqqında “ordumuzu “işğalçı” adlandırdı” fikirləri tirajlanır. Bu, böyük ittihamdır və ortaya atılan, xüsusilə xəbər başlıqlarına çıxarılan bir cümləlik iddianı görən oxucu dərhal “hökm” çıxarır. Amma bu qədər də olmaz axı.

Sahil Babayevi fəaliyyətinə görə tənqid etmək olar, yaranmış problemlərə görə ittiham da etmək olar. Amma Azərbaycan ordusuna “işğalçı” dediyini bu cür təqdim etmək təkcə qeyri-peşəkarlıq yox, həm də Azərbaycan dövlətinin imicinə zərbə vurur.

Hər kəs bilir ki, nazir məlum çıxışında yanlışa yol verir. Arzuolunan hal deyil, amma hər kəsin üzləşə biləcəyi haldır və dünyanın bütün ölkələrində belə “kuryoz” hallar yaşanır. Bunun media tərəfindən xəbərə çevrilməsini də anlamaq mümkündür, amma məsələ burada da bitməli idi.



Yox, bu “kuryoz” vəziyyət kampaniyaya çevrilirsə, artıq məsələ mahiyyətindən uzaqlaşır və bu kampaniyada iştirak edənlər anlamırlar ki, onların məqsədi Sahil Babayavin imicini korlamaqdırsa, korlanan imic təkcə nazirin yox, onun naziri olduğu Azərbaycan dövlətinə də məxsusdur. Axı dəfələrlə baş verib və yenə eyni hal yaşanır ki, Ermənistan mediası bu cür hallardan informasiya müharibəsində bizə qarşı istifadə edir. Ermənistan öz torpaqlarımızı azad edən Azərbaycan Ordusuna bu gün də “işğalçı” damğası yapışdırmaq istəyir və Sahil Babayevin texniki yanlışını kampaniyaya çevirənlər də dolayısı ilə bu iddiaların gündəmdə qalmasına, tirajlanmasına şərait yaradırlar. Əksinə, bu cür texnki səhvlər dilləndirilməməli, üzərindən sükutla keçilməlidir ki, elə texniki səhv olaraq da qalsın. Unutmayaq, düşmən bizi izləyir.

Vasif Həsənli
“Demokrat Media” MMC-nin direktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top