Fikrət Sadıqov: “İndi yaranan vəziyyət Moskvanı qıcıqlandıra bilər”

GÜNDƏM 22 iyn 2022, 12:50
“Azərbaycan və Özbəkistan öz regionlarında çox önəmli bir oyunçulardır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda, Özbəkistan isə Mərkəzi Asiya regionunda aparıcı oyunçulardır:

“Təbii ki, bizim əməkdaşlığımız, bundan sonra əməkdaşlığımızın inkişafı, imzalanan sənədlər, xüsusilə də hərbi-texniki əməkdaşlıq əlbəttə ki, Rusiyanı qıcıqlandıra bilər. Çünki onu da yaddan çıxarmayaq ki, vaxtilə Özbəkistan KTMT-nin üzvü idi, sonra oradan çıxdı. Yəni, qapısını bağladı. Düşünürəm ki, o, qayıtmaq fikrində deyil. Təbii ki, indiki yaranan vəziyyət də Moskvanı qıcıqlandıra bilər. Amma, bilirsiniz hər dəfə Moskvaya üz tutmaq, onlardan icazə almaq, yaxud onların buna münasibətini öyrənmək düşünmürəm ki, bizim yaxud da Özbəkistanın proqramına daxildir, yaxud xarici siyasət prioritetlərinə uyğundur. Biz müstəqil bir siyasət yürüdürük. Əgər onların xoşlarına gəlmirsə qoy qıcıqlandırsın. Onların başı onsuz da Ukraynaya qarışıb, qan tökülür. Eyni zamanda, bunu qeyd etmək istəyirəm ki, hər iki dövlət həm Azərbaycan, həm Özbəkistan müxtəlif sahələrdə əməkdaşlıq edir, həmçinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu gizlətmirik. Açıq şəkildə bəyanatlarla da çıxış etmişik. Ümumiyyətlə, bizi kiminsə mənfi rəyi, mənfi münasibəti heç də maraqlandırmamalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top