Azərbaycanın maraqları və şərtləri əsasında regionda sülhyaratma mexanizmləri işə düşüb

GÜNDƏM 14 iyn 2022, 12:20
Postmüharibə dövründə Azərbaycanın təşəbbüskarı olduğu sülh prosesinə alternativin olmadığı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri kontekstində bir daha təsdiqini tapdı.  Bu səfər həm də onu göstərdi ki, regionda sülhün bərqərar olması məqsədilə başladılan proses Azərbaycanın tərtib etdiyi şərtlər əsasında irəliləyir və bu da təsadüfi deyil.

Əvvəla, Azərbaycan sülh üçün siyasi iradə, qətiyyət nümayiş etdirir, ölkədə bu xüsusda Ermənistandan fərqli olaraq tam həmrəylik mövcuddur. İkincisi, Azərbaycanın sülh  üçün təklifləri tamamilə beynəlxalq hüquqa əsaslanır və məğlub tərəfin hansısa formada alçaldılmasını özündə ehtiva etmir. Əksinə, sülh üçün Azərbaycanın təklif etdiyi prinsiplərin qəbulu Ermənistan qarşısında yeni inkişaf yolunun açılmasına əlverişli zəmin formalaşdırır. 

Bütün bunları nəzərə alan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla apardığı danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında qeyd edib ki, sülh sazişi Azərbaycanın təqdim etdiyi təkliflərə söykənir. Söhbət Azərbaycanın sülh üçün təklif etdiyi beş baza prinsipindən gedir. Sergey Lavrovun açıqlamaları bir daha təsdiq edir ki,  sülh sazişi üzərində gedən işin əsasında məhz Azərbaycanın təqdim etdiyi təkliflər dayanır. Bu təkliflər artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunur. Dünyanın, o cümlədən də Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etməsi ölkəmizin növbəti mühüm diplomatik uğurudur.

Azərbaycan üçün postmüharibə dövründə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar  və 26 noyabr tarixli üçtərəfli bəyanatlarından irəli gələn öhdəlik və vəzifələrin tam şəkildə icrasıdır. Bu vaxta qədər Ermənistan həm bu bəyanatlardan irəli gələn vəzifələrini, həm də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, bilavasitə  iştirakı ilə baş tutan görüşlərdə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməyib. Bu, təkcə Azərbaycanın yox, üçtərəfli görüşlərdə vasitəçilik etmiş Rusiyanın və Avropa İttifaqının da narazılığına səbəb olur. Elə bundan irəli gəlir ki, Sergey Lavrov ali səviyyədə qəbul olunan üç bəyanatın aydın “yol xəritəsi” olduğunu, hamının  bunları rəhbər tutmalı olduğunu Ermənistanda xüsusi olaraq diqqət mərkəzinə çatdırıb: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının ciddi şəkildə icra olunması vacibdir. Bu, bizim ümumi fikrimizdir”.  Beləliklə, Ermənistana diplomatik tərzdə aydın mesaj verilib ki, rəsmi İrəvan üçtərəfli bəyanatların şərtlərinə, sülh prosesi üçün sözügedən sənədlərdən irəli gələn vəzifələrinə tam şəkildə əməl etməlidir. 

Üçtərəfli bəyanatların icrası kontekstində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması,  tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi kimi məsələlərin mümkün qədər tez həllini tapması  ölkəmizin postmünaqişə mərhələsində üzərində xüsusi dayandığı məqamlardır. Sergey Lavrovun açıqlamaları təsdiq edir ki, bu müstəvidə də tərəflər arasında yaxın tezlikdə müvafiq razılıqlar əldə ediləcək.  
Rusiyanın xarici işlər nazirinin daha bir mühüm açıqlaması Ermənistanda revanşist mövqedən çıxış edən qüvvələrə ünvanlanmış mesajla bağlıdır. Ermənistanda belə qüvvələr Azərbaycanla sülhün əldə edilməsinə, ölkəmizlə, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olduqlarını bəyan edirlər. Lavrovun fikirləri belə mövqenin Rusiya tərəfindən qəbul edilmədiyini bir daha təsdiqləmiş oldu. Bununla bağlı Rusiya xarici işlər naziri bildirir: “Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur”. O, Ermənistanın Türkiyə ilə də əlaqələrinin normal səviyyəyə gəlməsinin zəruriliyini önə çəkib, bunun Rusiya üçün məqbul olduğunu vurğulayıb: “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır. Ankara-İrəvan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşmasına kömək etməlidir. Bu müstəvidə bizim ümumi fikrimiz “3+3” regional platformasının ritmik işini təmin etməyin vacibliyidir. Bu, region ölkələri və onların qonşuları arasında dialoqun qurulması və çoxplanlı əməkdaşlığının inkişafı üçün vacib əlavə kanaldır”. 

Beləliklə, Lavrovun yanaşması Ermənistanın revanşist qüvvələrinin mövqeyinin Rusiya tərəfindən rədd edildiyini göstərir. Halbuki, bu qüvvələr fəaliyyət və fikirlərində daha çox Rusiyayönümlü olduqlarını nümayiş etdirməyə çalışırlar. Amma onların sülhə xələl gətirən mövqeyi elə Rusiyanın özü tərəfindən rədd edilir. 

Rusiya ilə yanaşı, Qərb dünyası da sülh üçün Azərbaycanın təşəbbüslərini, üçtərəfli görüşlərdə əldə olunan razılıqların tam şəkildə icrasını,o cümlədən regionda bütün kommunikasiyaların açılamasını vacib hesab edir. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin fikirləri də bunun təsdiqidir.  Səfir bu xüsusda bildirir: “ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”. 

Eyni yanaşmaya Avropa İttifaqı təmsilçilərinin fikirlərində də rast gəlmək mümkündür. Avropa İttifaqı bəyan edir ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirməyə sadiqdir. Eyni zamanda, Avropa İttifaqı tərəfindən birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Lakin belə platformanın ərsəyə gəlməsi üçün Azərbaycan və Ermənistan arasında sülh əldə olunması zərurətdir.  İndi sülh üçün Azərbaycanın şərtləri əsasında prosesin sürətlənməsi məqsədilə Ermənistana yönəlik beynəlxalq çağırışlar artır və rəsmi İrəvanın buna müqaviməti, sadəcə olaraq mümkünsüzdür. Bütün bunlar təsdiq edir ki, regionda Azərbaycanın maraqları və şərtləri əsasında beynəlxalq hüquq normalarına söykənən sülhyaratma mexanizmləri işə düşür.

Vüqar
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top