“Gələn il ciddi qıtlıq müşahidə ediləcək” — ŞOK PROQNOZ

GÜNDƏM 09 iyn 2022, 16:57
“2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində bir sıra məhsullarda ciddi qıtlıq müşahidə edilə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. İqtisadçının sözlərinə görə, risklərin azaldılması üçün bu işdə bir sıra ciddi işlərin görülməsinə ehtiyac var:

“Ərzaq  təminatı aspektindən Azərbaycan bir sıra məhsullar üzrə özünü təmin etmə səviyyəsində yüksək nəticələr əldə edib. Amma, söhbət əgər taxıl məhsullarından, soya, yağ kimi məhsullardan gedirsə, bu istiqamətlərdə ciddi idxaldan asılılıq var. Və burada tələbin əsas təchizatçıları Rusiya və Ukrayna idi. Onsuz da pandemiya istehsalda müəyyən qədər fasilələrin yaranmasına gətirib çıxarmaqla, bu təchizat prosesində müəyyən ləngimələrə səbəb olurdu.



Amma, konflikt bu problemi daha da dərinləşdirdi. Qeyd edim ki, Azərbaycan təxminən ərzaqlıq buğdanın 93-95 faizini Rusiyadan idxal edirdi. Yaxud da ki, ölkədə istehlak olunan hər 100 kiloqram kərə yağının 7 kiloqramı Ukrayna tərəfindən təmin edilirdi. Yaxud da ki, bitki yağının təxminən hər 100 litrinin 50-55 litri Rusiyadan idxal olunurdu. Bu ölkələrdə ixrac imkanlarının pozulması, xüsusilə də Ukraynada ixracın mümkünsüzlüyü və Rusiyaya sanksiyaların tətbiq edilməsi bu böhranı daha da dərinləşdirdir. Eyni zamanda, nəzərə alsaq ki, bütün dünya bənzər situasiya ilə üzləşir və bu dünya bazarında qiymətləri qaldırır”.

R.Həsənov əlavə edib ki, bütün bu problemlərin üzərinə baha qiymət ilə idxal ölkədə ərzaq təhlükəsizliyi riskini artırır:

“Düzdür, indiki halda bu yalnız qiymətlərə təzahür edir, yəni qiymətlərin artması şəklində özünü göstərir. Amma, ehtiyatların artırılması ilə bağlı xüsusi proqramların icra edilməməsi halında böyük ehtimalla 2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində artıq bazarda bir sıra məhsullarda ciddi qıtlıq müşahidə edilə bilər. Hökumət özünün, hətta Rusiya-Ukrayna konfliktindən əvvəl hazırlamağa başladığı ərzaq təhlükəsizliyini  gücləndirilməsi ilə bağlı proqramı daha da təkmilləşdirməklə, daha əhatəli etməklə, sahibkarlıq subyektlərini bu istiqamətdə dəstəməklə, müəyyyən qədər ehtiyatların yaradılması istiqamətində maliyyə təminatını gücləndirməklə bu riskləri minimuma endirməyə çalışmalıdır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top