Taleh Bağırzadənin “aclıq aksiyasının” əsl səbəbi bəlli oldu

SOSİAL 08 iyn 2022, 16:01
Bu günlərdə sosial mediada yayılan məlumata görə, "Müsəlman Hərəkatı" birliyinin sədri kimi təqdim olunan, Qobustan Qapalı Həbsxanasında cəza çəkən Taleh Bağırzadə aclıq elan edib.

Yayılan məlumaya görə, buna səbəb guya polisin dini təhqir etməsi olub. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun dünən verdyi açıqlamada bildirilib ki, belə iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddir: "Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şayiələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir".

Taleh Bağırzadənin etirazına səbəb kimi göstərilən halın baş verib-vermədiyinə dair apardığımlz araşdırma da heç bir nəticə vermədi və polisin dini təhqir etməsinə dair hər hansı fakt müəyyən olunmadı.

Lakin araşdırma zamanı məsələnin daha maraqlı tərəfi barədə məlumat əldə edə bildik. 

Mötəbərliyinə şübhə etmədiyimiz mənbənin bizə verdiyi məlumata görə, Taleh Bağırzadə məhkum olunandan sonra həm daxildə, həm də xaricdə onun azad edilməsi üçün ciddi cəhdlər göstərilib. Bu yaxınlarda dövlət başçısının Əfv sərəncamı gözlənildiyi üçün bu səylər əməllicə gücləndirilib və xarici ölkələrdən birindən Taleh Bağırzadəyə onun adının da 2022-ci il mayın 27-də imzalanmış Əfv sərəncamına daxil edəcəyi vəd olunub.  Lakin sərəncam imzalandıqdan və elan edildikdən sonra Taleh Bağırzadə ona verilən vədlərin yalan olduğunu görüb və bundan sonra aktiv fəaliyyətə keçməyi qərara alıb. Hazırda onun keçirdiyi acllq aksiyası da məhz bunun nəticəsidir. 

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, çoxsaylı maddələrlə ittiham irəli sürülüb. T.Bağırzadə 2017-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.(milli.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top