Azərbaycan ilk dəfə karbon kreditlərindən mənfəət qazandı

SƏNAYE VƏ ENERGETİKA 07 iyn 2022, 11:58
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların sertifikatlaşdırılmasını həyata keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, bu layihə neft-qaz sektorunda emissiyaların ciddi şəkildə azaldılması ilə yanaşı, əlavə iqtisadi üstünlüklərin əldə edilməsinə şərait yaradıb.

UER mexanizmi neft-qaz əməliyyatları zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün səmərəli alətdir.

Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən, neft-qaz təchizatçıları UER layihələrini əməliyyatlar zamanı emissiyaların azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirir və bu barədə müvafiq sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki, bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə çatması üçün bir vasitədir.

Belə ki, Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində “Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and Repair” - LDAR) pilot layihəsinin həyata keçirilməsinə dair 2018-ci il mayın 11-də Anlaşma Memorandumu imzalanıb.

Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirilib, sızma mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14 500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib.

SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top