Mətbuat Şurası: “Separatizmi təbliğ edən digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar”

MEDİA 04 iyn 2022, 14:08
Azərbaycan Mətbuat Şurası bəyanat son olayla bağlı bəyanat yayıb.

Demokrat.az həmin bəyanatı təqdim edir: 

"Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb. 

Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş  nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur. Fəaliyyəti təəssüf doğuran Rusiya kütləvi informasiya vasitələrindən biri də "Ria novosti" İnformasiya Agentliyidir. Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan "Ria novosti"nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib.

Peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur.  Rusiya kimi federativ quruluşa malik, tərkibində çoxsaylı xalqların nümayəndələrindən ibarət muxtar respublikaları birləşdirən ölkənin aparıcı media qurumu məsələyə xüsusilə həssas münasibət göstərməlidir. Ancaq onun işində nəinki həssaslıq yoxdur, üstəlik əvvəlki illərin xoşagəlməz, sərt reaksiyalar doğurmuş təcrübəsinə yenidən istinad var. Özünü Azərbaycan ərazisindəki qondarma, separatçı qurumun naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə də bunu deməyə əsas verməkdədir.

Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi "Ria novosti"nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi  günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar.

"Ria novosti" Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətindəki təşəbbüslərinə zidd mövqeyi rəsmi Moskvanın  sözügedən missiyasının səmimiliyinə də ciddi şübhələr yaradır, qənaət formalaşdırır ki, ölkə  bölgədə sülhün və əminamanlığın qərarlaşmasında maraqlı deyil.

Azərbaycan Mətbuat Şurası Rusiyanın KİV-lərinə, ümumiyyətlə ölkənin media ictimaiyyətinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zidd, Rusiyaya etimadı, onun bölgədəki nüfuzunu sarsıdan fəaliyyətdən uzaq durmağa çağırır.  Bir həqiqət mütləq şəkildə dərk olunmalıdır ki, jurnalistika fəaliyyəti heç bir halda beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq üzərində qurulmamalıdır. Azərbaycan cəmiyyəti, bu cəmiyyətin mühüm tərkib hissəsi, önəmli ictimai institutu sayılan ölkə mediası mehriban qonşuluq münasibətlərinə xələl gətirən hallara dözümlü qala bilməz. İstərdik ki, eyni yanaşmanı, Rusiya və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinə kölgə salan meyllərə qarşı cəbhə açmaq əzmini çoxillik ənənələrə malik Rusiya mediasından da görək. İndiki şəraitdə bu, yalnız istək və arzu deyil, həm də müstəsna peşəkarlıq tələbidir".

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top