Yanmış “meyit”i tapılan biznesmen Bakıda sağ ələ keçdi — YENİLƏNİB

HADİSƏ 04 iyn 2022, 13:21
Sabirabadda “ölən”, sonra Bakıda yaxalanan dələduz biznesmen Rafət Qəniyev yandırdığı avtomobilinin içinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümükləri yığıbmış. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Qohum-qardaş yas tutub. İl mərasiminə hazırlaşırlarmış. Hamı onun avtomobildə yandığına inanmışdı. Adam dələduz olub. Borcları qaytarmamaq üçün ölümünü simulyasiya edib. Avtomobilinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümüklərini yığaraq yandırıb. Ancaq dünən onu polis Bakıda tutub”, - deyə E.Hacıyev sosial şəbəkədə qeyd edib.

***11:06

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.


Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top