Özbəkistan səhnəsinin kralı Şerali Curayev Bakımızın qonağıdır! — ÖZƏL MÜSAHİBƏ

İNCƏSƏNƏT 31 may 2022, 15:13
Özbək səhnəsinin tanınmış və sevilən sənətkarı,1987-ci ildən  Özbəkistanın xalq artisti adını layiqincə daşıyanŞerali Jurayev ölkəmizdə qonaqdır.

İllərin sevilən sənətkarı, əfsanəvi Şerali Jurayevin paytaxtımıza gəlişini fürsət kimi dəyərləndirdik. 

Sənətkarla görüşdük, həmsöhbət olduq:

“Bakıya birinci gəlişimizdə “Şirali və Aybarçin” adlı filmin çəkilişi üçün gəlmişdik. Azərbaycan aktyorları ilə birgə gözəl bir film ərsəyə gətirdik. Bu səfərki gəlişimizdə istirahət etməyə, bu gözəl diyarda dincəlməyə gəlmişik. Bizi çox gözəl qarşıladılar. Azərbaycanlılar da bizim kimi qonaqpərvərdilər. Elə xoşumuza gəldi ki, Özbəkistana qayıdandan bir-iki ay sonra yenə gələcəyik bura. Azərbaycan bizim yaxın qardaşımızdır, dostumuzdur. Biz türk xalqlarıyıq. Tanrı qorusun bizi.”



Sənətkar xalqımızın 44 günlük qələbəsindən də söz açdı. 

“Qarabağda baş verənlər bizi çox sevindirdi. Torpaqlarımızı geri aldıq. Qarabağ sözü özü türk sözüdür, bu necə erməni sözü ola bilər?! Qarabağ Azərbaycanın ən dilbər guşəsidir. Ona görə Qarabağın geri qaytarılması bizi çox sevindirdi.Hələ getməmişəm ora, yenicə gəlmişəm Bakıya. Üç-dörd gün sonra yenə geri qayıdacağıq. Amma istəyərəm, ora gedib, orda şəhid olmuş qardaşlarımıza dualar oxumaq. Onlardan danışanda mənim gözlərim yaşarır. Qarabağda şəhid olmuş qardaşlarımıza Allah rəhmət eləsin, ruhları şad olsun. Azərbaycan dövlətinin memarı, ulu siyasətçi Heydər Əliyevə Allah rəhmət eləsin. Ruhları şad olsun. Hazırda onun işlərini davam etdirən, xalqı üçün xidmət göstərən İlham Əliyevə sağlıq, firəvanlıq diləyirəm.”

Çox hörmətli qonağımız vurğuladı ki, öz ölkəsində insanlardan gördüyü sevgini, diqqəti Bakıda da hiss edə bilib:



“Əlbəttə. Biz Bakıya gələndə musiqimiz, filmlərimiz yadımıza düşür. Biz yaxın xalqlarıq. Özümüzü elə Daşkənddəki kimi hiss edirik. İstərəm ki, bu daimi olsun. Özbəkistan-Azərbaycan qan qardaşıdır, mədəni sahədəki əlaqələri də bu köklər üzərində qurulub. Sənətə dəyər verən xalqlarıq biz. Azyaşlı uşağı da muğam dərslərinə göndəririk ki, öyrənsin, bilsin. Biz muğama məqam deyirik.”

Əməkdar artist Təyyar Bayramov, oğlu- Şuşada keçirilən "Xarıbülbül" festivalındakı çıxışı ilə yaddaşlarda qalan Kənan Bayramovla birlikdə Şerali Curayevlə görüşüb, həmsöhbət olub. Kənanın istedadı Şerali Curayevi də valeh edib. 

“Çox xoşuma gəldi, həvəslə dinlədim. Mən oğlum Zahərşah da Kənan Bayramovla yaşıd idi.Özbək muğamını ifa edirdi. Yetkinlik dövründə səsi dəyişdi. Ona görə Kənan Bayramovun səsini qorumaq lazımdır. Bu balanı ehtiyat saxlamaq lazımdır.Çünki o yetkinlik dövründədi. Bakının havası da elədir ki, onun səsinin yaxşı qalmasına kömək edir. Buranın havası yaxşıdır. O balaya uğurlar arzu edirəm. Allah qorusun. O gün olsun ki, yüz yaşımda onun ifasını dinləyim.”



Dəyərli sənətkar, Özbəkistan-Azərbaycan münasibətlərinin dostluq, həmrəylik üzərində qurulmasında iki ölkə prezidentlərinin rolunu xüsusi vurğuladı. 

“Möhtərəm prezidentimiz Şövkət Miramanoviç Mirziyoyev bu gün dostluq əlaqələrini möhkəm bağlar üzərində qurub. Məhz buna görə qardaş Azərbaycanla əlaqələrimiz belə sıx və sarsılmazdır. Tanrı türk xalqlarını sağ-salamat etsin. Heç qəm-kədər görməsinlər. Mən bütün qardaşlarımızı, elə sizi də Özbəkistana qonaq dəvət edirəm. Gəlib bizim ölkədə qonaq ola bilərsiniz.”

Görüşü xoş və səmimi söhbətlə yekunlaşdırdıq. Bakı daha bir türk və türksevər sənətkarın gəlişindən məmnun qaldı. Ümid edirik ki, Şerali Curayevin eyni qədər razı qaldı.. 

Qeyd edək ki, Jurayevin atası özbək, anası türk olub. İlk musiqi təhsilini 1966-cı ildə Daşkənd İncəsənət İnstitutunun vokal şöbəsində alıb.  1971-ci ildə sertifikatlı ifaçı "Şodlik" mahnı və rəqs ansamblına qəbul edilib. 1972-ci ildə Daşkənd Teatr və İncəsənət İnstitutunu, 1976-cı ildə Daşkənd dövlət İncəsənət institutunu bitirib. Özbəkistan SSRİ xalq artisti, Tacikistan xalq artisti, Əlişir Nəvai adına Dövlət mükafatı laureatı olan Juraevin "Karavan", "Birinci məhəbbətim", "Özbək xalqı" və digər mahnıları populyarlığın zirvəsini fəth edib, televiziya və radio proqramlarında hələ də eşidilir, dinlənilir.  

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top