Azərbaycanda avtomobillərin kredit bazarında hansı çətinliklər var? — Ekspert RƏYİ

AVTO 31 may 2022, 14:47
“Azərbaycanda avtomobillərin kredit bazarında çətinliklər var”.

 Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Fərid Hüseynov deyib. Onun sözlərinə görə, bu çətinlikləri ekoloji təmiz və ya ənənəvi daxili yanma mühərrikli avtomobillərə bölmədən ümumi olaraq yeni avtomobil bazarına aid etmək daha doğru olar: 

“Təqribən 10-12 il qabaq bankların kütləvi şəkildə avtomobil kreditləri verməsi sonrakı mərhələdə ciddi ödəmə problemləri ilə müşayiət olunmuşdu. Bu səbəbdən də yeni qaydalar təyin edildi və avtomobil krediti üçün minimum ilkin ödəniş 40% təyin edildi. Bu bir tərəfdən ödəmə qabiliyyətli alıcılar gətirdi, lakin digər tərəfdən avtomobil kreditləşməsini əhəmiyyətli dərəcədə azaltdı. Düşünürəm ki, artıq bu məsələnin həll olunmasının zamanı gəlib çatıb. Yeni avtomobil kreditləri üçün ilkin ödənişin 20% civarında tələb edilməsi avtomobil kredit bazarını canlandıracaqdır. Qeyd edim ki, 40% ilkin ödəniş böyük məbləğdir və bu səbəbdən də buna gücü çatmayan vətəndaşlar məcbur olub xaricdən ucuz, bəzən qəza görmüş, istifadə müddəti bitmiş və ya bitməsinə az zaman qalmış avtomobilləri almağa məcbur olurlar. Bu isə ölkənin avtomobil parkının vəziyyətini pisləşdirir, ekoloji durumu daha da mənfiyə aparır”. 



F.Hüseynov hesab edir ki, ilkin ödənişin aşağı salınması ilə yanaşı illik faiz dərəcələrinə də təkrar baxılması və onların da aşağı salınması canlanmanı daha da artıracaq amil olar:

“Məlumdur ki, ölkəmizdə ümumilikdə kredit faizləri yüksəkdir, bu isə kredit müddətinin sonunda vətəndaşın daha böyük məbləğ ödəməsinə səbəb olur. Hazırda avtomobil kredit faizləri təqribən 16-20 arasında dəyişir ki, bu da yüksək faizdir. Təklif edərdim ki, illik faizlər də 10-12 arasına salınsın və müvafiq qanunla tənzimlənsin. Bu tədbirlər ölkəyə köhnə avtomobil axınının da qarşısını alar, daxili yeni avtomobil bazarında ciddi canlanma yaradar. Vətəndaşlarımız aşağı ilkin ödəniş və aşağı illik fazi dərəcəsi şərtlərində təbii ki, qəzalı maşın əvəzinə yeni maşın almağa üstünlük verəcəklər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top