Milli ordu quruculuğunun memarı — VİDEO

HƏRBİ 28 may 2022, 16:11
1918-ci il mayın 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti digər dövlət atributları ilə yanaşı, milli ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. AXC-nin ordu quruculuğunun memarı Səməd bəy Mehmandarov olub.

Tarix müəllimi Şöhrət Cəfərov qeyd edib ki, S.Mehmandarov 1919-cı ilin noyabr-dekabr aylarında hərbi nazir vəzifəsinə irəli çəkilmiş və onun qarşısına 40 min nəfərlik nizami ordu yaratmaq şərt qoyulmuşdu. O bu işin öhdəsindən bacarıqla gəlmişdi: 1920-ci ildə artıq 40 minlik ordu hazır idi. Aprelin 5-də həmin ordu ilk dəfə Bakıda hərbi parad keçirmişdi.

Ordu quruculuğu siyasətində milli hiss, milli birlik, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. S.Mehmandarov 1918-ci ilin dekabrında əsgərlərin Azərbaycan türkcəsində salamlaşması haqqında əmr verib.

O, Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirir ki, ingilis hərbi dəstələri Azərbaycanda olduqları hər yerdə talanlar edir, kəşfiyyat işi aparırlar və İngiltərə hökumətinin Birinci Dünya müharibəsi illərində ona verdiyi orden və medalları geri qaytarmağı Azərbaycan hökumətindən xahiş edir.

Bütün həyatı mübarizə və savaşlarda keçən general Səməd bəy Mehmandarov görkəmli hərb xadimi kimi Azərbaycan tarixində şərəfli və layiqli yer tutur. Onun həyat yolu gənc nəsil üçün parlaq bir nümunədir.
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top