Azərbaycanın Türkiyədəki səfirliyi Müstəqillik günü ilə bağlı rəsmi qəbul keçirdi — FOTOLAR

DAXİLİ SİYASƏT 28 may 2022, 15:56
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi Ankarada 28 May - Müstəqillik günü və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirib.

Çoxsaylı dövlət və hökumət rəsmilərinin, ictimai xadimlərin, diplomatların və ölkədə yaşayan azərbaycanlıların iştirak etdiyi qəbul Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb, daha sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oqtay və  hərbi attaşe Müşfiq Məmmədov açılış nitqləri ilə çıxış ediblər.

Səfir Rəşad Məmmədov Azərbaycanın dövlətçilik tarixindən,  Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm daxili, həm də xarici təhdidlərlə üzləşdi, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olma təhlükəsindən qorumdu və həyata keçirilən islahatlar hazırkı güclü Azərbaycanın təməlini qoydu. Səfir çıxışında Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə xüsusi diqqət ayırdı.

Rəşad Məmmədov bu il Azərbaycan və  Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu da ifadə etdi və bu tarixi, həmçinin Azərbaycanın müstəqilliyinin və Silahlı Qüvvələrin yaranmasının 104 illiyini iki qardaş xalq olmaqla yanaşı, həm də münasibətləri "Bir millət, iki dövlət" fəlsəfəsi əsasında qurulan müttəfiq ölkələr olaraq qeyd etdiyimizi bildirdi.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay çıxışa başlamazdan öncə Prezident Rəcəb Tayyib Ərdoğanın salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb, Türkiyə - Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, burada Azərbaycan bayrağını daha yüksəklərə qaldıran Ümummilli Lider Heydər Əliyevin qurduğu təməl üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun önəmini vurğulayıb.

Türkiyənin vitse-prezidenti ölkəsinin Azərbaycanla 100 il öncə olduğu kimi, bu gün də ruh birliyi olduğunu vurğulayıb və Türkiyənin taleyinin Azərbaycandan ayrı düşünülmədiyini ifadə edib.  Fuad Oqtay çıxışında  həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkələrimizin bu dostluq və qardaşlıqdan aldığı güclə bütün dünyaya bir millət olaraq gələcəyə ümidlə baxdığımızı və gələcəyi birlikdə qurduğumuzu elan etdiklərini də bildirib.

Hərbi attaşe Müşfiq Məmmədov isə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqda məlumat verib ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətdən danışıb və bu sahədə müəyyən edilmiş uğurlu strategiyanın 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbədə həlledici olduğunu bildirib.

Qəbulun keçirildiyi hotelin foyesində Azərbaycanın müstəqillik tarixinə, ordu quruculuğuna və Azərbaycan - Türkiyə münasibətlərinin 30 illiyinə həsr olunmuş fotosərgi təşkil olunub.

Qəbulun bədii hissəsində tanınmış azərbaycanlı sənətçilər Elnur Hüseynov, Etibar Əsədli və Ələfsər Rəhimovun, eləcə də İstanbulda yaşayan məşhur pianoçu - bəstəkar, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin, opera sənətçisi Aytən Xanıyevanın ifaları, Ankarada fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun ifaları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Səhnədə Azərbaycanı tərənnüm edən videogörüntülər nümayiş etdirilib.

Qəbul Türkiyə mətbuatı tərəfindən də geniş işıqlandırılıb.
















Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top